

ABŞ Prezident Donald Tramp Konqresdəki ilk çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Ukraynanın sülh danışıqlarına başlamağa və ABŞ ilə mineral ehtiyatlarla bağlı sazişi yekunlaşdırmağa hazır olduğunu ifadə edən məktub aldığını elan etdi.
Məktubda “Mineral ehtiyatlar və təhlükəsizliklə bağlı sazişə gəldikdə, Ukrayna onu sizin üçün uyğun olan istənilən vaxt imzalamağa hazırdır”, - deyə bildirilir.
Trampın nikbinliyi
Məktub 28 fevral 2025-ci ildə iki lider arasında gərgin keçən və mineral sazişlə bağlı razılıq əldə edilmədən başa çatan görüşdən sonra yazılıb. Mineral ehtiyatlarla bağlı razılığın əldə olunmaması ABŞ-nim Ukraynaya hərbi yardımını dayandırmasına səbəb olub və bu, davam edən geosiyasi müzakirələrə ciddi təsir göstərib. Hərbi yardımın dayandırılması qərarından sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə mineral ehtiyatlar sazişini imzalamağa hazır olduğunu bildirib.
Son məktuba cavab olaraq, Prezident Tramp münaqişənin sona çatması ilə bağlı nikbinliyini ifadə edib. Tramp hesab edir ki, həm Zelenski, həm də Putin danışıqlara açıqdır, bu da münaqişənin həll olunacağına ümidləri artırır.
Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti
Amerikalı politoloq Piter Teys APA-ya müsahibəsində Ukrayna ilə ABŞ arasında kritik minerallar haqqında sazişin imzalanmasını Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti kimi qiymətləndirib:”ABŞ tarixinin ən zəif prezidenti olan Co Baydendən sonra Donald Trampın hakimiyyətə ikinci gəlişi ilə Amerika istisnaizmi nəhayət geri qayıdır. Vaşinqton və Kiyev arasında mineral sazişi imzalanarsa, ABŞ Ukraynanın Sovet İttifaqının süqutundan sonra kəşf etmədiyi kritik mineral ehtiyatlarının 70 faizindən çoxuna nəzarəti təmin edəcək. Qeyri-yanacaq mineral və ya materialın tədarük zəncirinin pozulması riski var, bu səbəbdən, ABŞ Milli Təhlükəsizlik Müşaviri Mayk Valtz və milyarder - sərmayəçi Stiv Vitkoff tərəfindən təmsil olunan ABŞ hökuməti, hələlik Moskva tərəfindən işğal edilməmiş bütün bölgələrdə Ukraynanın ərazi təhlükəsizliyini təmin etmək üçün faydalı qazıntılar üzrə razılaşma əldə etmək üçün Kiyevlə yorulmadan danışıqlar aparır. Bu ikitərəfli sövdələşmə nə qədər geciksə, Ukrayna üçün bir o qədər pis olacaq. Vladimir Zelenskinin verdiyi gecikmiş qərar onun Ağ Evə pijama ilə səfərindən cəmi üç gün sonra ortaya çıxıb. Oval kabinetə avtobus sürücüsünün geyim tərzində gəlişi və ABŞ hökumətinin təklif etdiyi mineral sazişini imzalamaqdan imtina etməsi Zelenskinin kobud səhvidir. O, Ukraynanın ərazi bütövlüyünü təhlükə altında qoyan qanqster kimi davranışı ilə ölkəsini məğlubiyyətə doğru aparır!”
Mineral anlaşması müharibənin xərclərini azaltmağa kömək edəcək
Piter Teys hesab edir ki, Tramp Administrasiyasının USAID-in fəaliyyətini dayandırması və böyük beynəlxalq şirkətləri ABŞ-yə investisiya yatırmağa cəlb etməsi, həmçinin, ABŞ-yə ixrac olunan mallara tariflər tətbiq etməsi qərarı dünyanın ən böyük xarici borcu olan ABŞ-nin (32 trilyon ABŞ dolları) iqtisadiyyatının gücləndirəcək.
Onun sözlərinə görə, ABŞ hökumətinin Ukraynaya təklif etdiyi mineral sazişi imzalanması ABŞ-nin bu müharibəyə görə sərf etdiyi vəsaiti qismən kompensasiya edəcək: "Oksid və nadir torpaq minerallarına dair saziş Ukraynada müharibənin xərclərini azaltmağa və Vaşinqtonun Kiyevə qrantlar şəklində ödədiyi 350 milyard ABŞ dollarından çox məbləği geri qaytarmağa kömək edəcək”.
Ukraynanın nadir torpaq elementləri, onların əhəmiyyəti
Ukrayna dünyanın nadir torpaq elementləri (NTE) yataqları baxımından potensialı yüksək olan ölkələrindən biridir. Bu elementlər elektronika, müdafiə sənayesi, yaşıl enerji texnologiyaları və bir çox digər strateji sahələr üçün həyati əhəmiyyət daşıyır. İttrium (Y), Neodim (Nd), Praseodim (Pr), Disprosium (Dy), Terbium (Tb), Lantan (La), Seryum (Ce), Europium (Eu) və sair kimi nadir torpaq elementləri, əsasən, Dnepr-Donetsk hövzəsində, Jitomir vilayətində və digər bölgələrdə yerləşən filiz yataqlarında mövcuddur.
Nadir torpaq elementləri müasir texnologiyada geniş istifadə olunur. Məsələn, Neodim və Praseodim güclü maqnitlərdə, smartfonlarda və kompüter çiplərində, Disprosium və Terbium külək turbinlərində və elektrik avtomobillərinin mühərriklərində əvəzolunmazdır. Bu elementlər, həmçinin, müdafiə, kosmik və aviasiya sənayesində istifadə olunur.
Avropa dövlətlərinin xeyrinə NATO rəhbərliyindən imtina
Trampın mövqeyi açıq şəkildə göstərir ki, ABŞ münaqişələrin maliyyələşdirilməsindən və NATO-ya rəhbərlik etməkdən geri çəkilərək Avropanı üzərinə daha çox məsuliyyət götürməyə təşviq edir. Bu addım, onun uzun müddətdir müdafiə etdiyi mövqeyə uyğundur. ABŞ qlobal təhlükəsizliyin maliyyə yükünü daşımalı deyil, bundan daha çox digər ölkələr faydalanır.
NATO rəhbərliyindən geri çəkilməklə Tramp göstərir ki, ABŞ artıq alyansın əsas qüvvəsi olmaq istəmir və Avropa ölkələrindən həm maliyyə, həm də strateji baxımdan daha çox öhdəlik götürmələrini gözləyir. Onun NATO müttəfiqlərinin müdafiə xərclərini artırmasını – potensial olaraq ÜDM-in 5%-nə qədər – tələb etməsi də bu dəyişikliyi daha da gücləndirir.
Amerikalı politoloq vurğulayıb ki, Prezident Donald Trampın Avropa İttifaqı və NATO kontekstində rəhbərlik mövqeyindən geri çəkilmək barədə bəyanatı doğru addımdır və həm Aİ ölkələrinin, həm də NATO-nun təhlükəsizliyi üçün ən faydalı seçimdir:
“Avropa İttifaqı müdafiə və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və bu sahəyə yatırılan investisiyalar baxımından ciddi şəkildə geri qalır. Artıq Ukraynada genişmiqyaslı müharibənin dördüncü ilinə qədəm qoymuşuq, lakin Aİ hələ də öz müdafiəsinə və ümumi təhlükəsizlik sisteminə daha çox maliyyə ayırmaq məsələsində tərəddüd içindədir. Belə açıq-aşkar zəif və səriştəsiz rəhbərlik fonunda Birləşmiş Ştatlar niyə əsas yükü öz üzərinə götürməli və Aİ ilə NATO üzvlərinin təhlükəsizliyi naminə amerikalı vergi ödəyicilərinin pullarını xərcləməlidir? Xüsusilə də, Aİ ölkələri 2014-cü ilin fevralından bəri Moskvanın Ukrayna ilə münaqişəsinə baxmayaraq, Rusiya ilə adi qaydada ticarət aparmağa davam etdiyi halda... Prezident Donald Trampın siyasi uzaqgörənliyi, eləcə də vitse-prezident Vensin dövlət idarəçiliyindəki mahirliyi ABŞ-ın müstəqillik dövründən bəri Tanrıdan aldığı ən böyük töhfələrdən biridir”.
Ukraynanın zəifləməsində Nunn-Luqar proqramının rolu
Piter Teys Ukraynanın hazırkı çətin duruma düşməsində məşhur Nunn-Luqar proqramının roluna da toxunub.
“Nunn-Luqar Təhdidlərin Birgə Azaldılması proqramı keçmiş Sovet İttifaqında nüvə silahı arsenallarının deeskalasiyasına tarixi və əsas töhfə olsa da, bu layihə Ukrayna üçün fəlakətli oldu və onun silahlı qüvvələrini tərksilah etdi. Bu proqram "Sovet İttifaqında nüvə və digər silahların daşınması, saxlanması, mühafizəsi və məhv edilməsi... və silahların yayılmasının qarşısının alınmasına yardım etmək üçün" istifadə edilmişdi. Nunn-Luqar proqramının töhfələrindən biri Sovet İttifaqına "strateji nüvə daşıma vasitələrinin sökülməsini sürətləndirmək üçün avadanlıqların çatdırılması" olub. Bu hərəkətlər Ukraynanı zəif vəziyyətə saldı, 2014-cü ildə müharibənin və Krımın ilhaqının əsas səbəbi oldu. Ukraynada nüvə başlıqlarının tərksilahı baş verməməli idi. Nunn-Luqar proqramı Rusiyadan kənarda keçmiş strateji silahları ləğv etdi və Təhlükəsizlik Təminatları üzrə Budapeşt Memorandumundan sonra Ukrayna üçün fəlakətli oldu”, - deyə amerikalı politoloq bildirib.
Vaşinqton-Moskva danışıqları geosiyasi maraqları təmin edəcək
Ekspertin fikrində, Prezident Donald J. Tramp həqiqətən də Avropaya sülh gətirməyə və Rusiya Federasiyası ilə Yalta Konfransından daha təsirli olacaq böyük bir razılaşma əldə etməyə sadiqdir.
“Vaşinqton və Moskvanın davam edən dialoqu böyük dövlətlərin daha yaxşı mövqe tutmasını təmin edəcək, ABŞ və Rusiya Federasiyasının Avrasiya, Afrika və onun hüdudlarından kənarda geosiyasi maraqlarının, təsir dairələrinin həyata keçirilməsini təmin edəcək”, - deyə ABŞ-dən olan politoloq bildirib.