

“Dünən Azərbaycan Prezidentinin Türkiyəyə səfəri iki ölkə arasındakı qardaşlıq münasibətlərinin növbəti nümayişi sayıla bilər. Biz dünyada bənzəri olmayan münasibətlərə malik dövlətlərik. Bu təkcə iki qonşu müttəfiq, strateji tərəfdaş deyil, eyni zamanda, iki qardaş ölkənin münasibətləridir və bizim hər bir münasibətlərimiz bütün yönləri ilə inkişaf etməkdədir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O.Qasımov diqqətə çatdırıb ki, dünən İğdır-Naxçıvan qaz kəmərinin açılması da bu münasibətlərdə həyata keçirilən birgə layihələrin nümayişi kimi dəyərləndirilməlidir: “Bu, növbəti bir layihə idi. Həmçinin Azərbaycan və Türkiyə həm də hazırkı dövrdə yeni çağırışlarla üz-üzədir. Biz əlaqələrimizi, siyasətimizi koordinasiya etməliyik. Buna hazırlığımızı artırmalıdır. Şübhəsiz ki, dünən ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə olundu. Həm Güney Qafqazda, həm Yaxın Orta Şərqdə, eləcə də Ukrayna ətrafında baş verənlər məhz hazırda ciddi şəkildə dünyadakı proseslərə təsir etməkdədir. Bu vəziyyət bir daha bizim zamanında münasibətlərimizi sağlam təmələ oturtmamızın gərəkliliyini göstərdi və biz bunu vaxtında etmişik”.
Politoloqun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli çərçivəni əhatə etməyəcək: “Eyni zamanda, bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığımız davam etməlidir. Türk Dövlətləri Təşkilatı gələcək dünya düzənində qlobal aktorlardan biri olmalıdır ki, hesab edirəm ki, o da müzakirə olunmuş məsələlər arasındadır”.
Röya İsrafilova