Ceyhun Bayramov Katrin Bombergerlə görüşdü Siyasət

Ceyhun Bayramov Katrin Bombergerlə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 10-da İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger ilə görüşüb.

Nazirliyin Mətbuat xidməti idarəsindən Xalqcebhesi.az-a verilən məlumata görə, görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin işğalı zamanı itkin düşmüş azərbaycanlılar məsələsi, itkin düşmüş şəxslərin tapılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində mövcud vəziyyət, habelə beynəlxalq əməkdaşlıq istiqamətində səylər müzakirə olunub.

Nazir Ceyhun Bayramov “itkin düşmüş şəxslər” məsələsinin hər zaman əsas diqqət mərkəzində olduğu, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla, 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü diqqətə çatdırıb.

2023-cü ildən etibarən ölkəmizin bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil etdiyi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu işdə fəal rol oynadığı qeyd olunub.

İtkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Nazir itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsinin həm qanunun aliliyi, ədalət, həm də münaqişə sonrası münasibətlərin normallaşmaşı baxımından önəmini nəzərə alaraq, beynəlxalq ictimaiyyətin bu məsələdə rolunun vacib xarakter daşıdığını vurğulayıb. Ölkəmizin işğaldan azad olunmuş ərazilərdə indiyədək 23 kütləvi məzarlıq aşkarladığı qeyd edilib. Bununla yanaşı, itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi prosesinə mina təhdidinin ciddi şəkildə maneə törətdiyi bildirilib.

Söhbət zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.