Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun birinci iclası keçirilib Siyasət

Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun birinci iclası keçirilib

Bu gün Baş nazirinin müavini Samir Şərifov İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb.

Bu barədə Xalqcebhesi.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə iki ölkə arasında Strateji İqtisadi Dialoqun birinci iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycan-İspaniya Biznes Forumunun və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında “Strateji İqtisadi Əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının iqtisadi əlaqələrin gücləndirilməsinə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

Samir Şərifov ötən ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez arasında baş tutmuş görüşün ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini qeyd edib.