Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib - SƏRƏNCAM Siyasət

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib - SƏRƏNCAM

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabineti doqquz ay müddətində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair qaydalarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi və onun əsasnaməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və hava limanlarının hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramlarının on iki ay müddətində hazırlanıb təsdiq edilməsinə nəzarəti təmin etməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.