
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı üçün önəmli hadisədir. Ekspertlər heab edirlər ki, səfər Şimali Makedoniya ilə Azərbaycan arasın əlaqələrinin pespektivi baxımından yeni mərhələdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub, eləcə də hər iki prezident mətbuata bəyanatlarla çıxış ediblər. Görüş zamanı Şimali Makedoniya-Azərbaycan arasında iqtisadi əlaqələrdən bəhs edilib. Həmçinin ikitərəfli münasibətlərimizin inkişafında fəal iş aparıldığı, iki ölkənin energetika sahəsində əməkdaşlığa başladığı, bunun digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracağı vurğulanıb.
Şimali Makedoniya və Azərbaycan arasında əməkdaşlıq, əlaqələrin perpektivi ilə bağlı Milli Məclisin deputatları fikirlərini bölüşüblər.
“Balkan ölkələri ilə əməkdaşlıq genişləndirilir”
Milli Məclis sədrinin müavini Musa Qasımlı qeyd edib ki, tarixən Balkan yarımadası “qoca qitə” olan Avropanın mərkəzi, “göbəyi” sayılıb: “Avropa, Asiya və Afrikanın qovşağında yerləşdiyindən belə hesab ediblər ki, Balkanlarda nüfuz qazanan dövlət bu regionda strateji üstünlüklər də əldə edir. Son illərdə cənab Prezidentimiz İlham Əliyevin liderliyində Balkan ölkələri ilə əməkdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlər çərçivəsini aşır, daha geniş məna daşıyır. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri həm də bu baxımdan əhəmiyyətlidir. Cənab Prezidentimizin mediaya bəyanatında söylədiyi fikirlər ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini göstərir. Hər şeydən əvvəl, iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb. Avropa Azərbaycan təbii qazına möhtacdır”.
“Dünyanın bir çox ölkələri Azərbaycanın təcrübəsindən öyrənirlər”
M.Qasımlının sözlərinə görə əvvəllər müxtəlif beynəlxalq təşkilatlarda işləmiş və fəaliyyətində mədəniyyət diplomatiyasının gücünə inanan Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın “ölkəniz müsəlman Şərqində ilk cümhuriyyət qurub, eləcə də ilk opera, ilk filarmoniya məhz burada yaradılıb. Bu ölkə öz zəngin mədəniyyəti ilə seçilir” - deməsi dünya mədəniyyəti quran millətimizin zəngin, qədim tarixi və mədəni irsinə, Azərbaycanın beynəlxalq məsələlərdə çox fəal olmasının vurğulanması isə dünya işlərində cənab Prezidentimizin fəaliyyətinə verilən qiymətdir: “Şimali Makedoniya Prezidentinin söylədiyi belə bir fikir Azərbaycan dövlətinin nailiyyətlərinin dünya üçün nə qədər əhəmiyyətli olduğunu göstərir: “...sizin nailiyyətləriniz sayəsində biz gələcək əməkdaşlığımızı davam etdirə bilərik”. Səfər sübut etdi ki, dünyanın bir çox ölkələri Azərbaycanın təcrübəsindən öyrənirlər. Bu isə dövlətlərin və xalqların həyatında Liderin necə vacib rol oynamasının nümunəsidir”.
“Əməkdaşlıq qurduğumuz ölkələrin sayı artmaqdadır”
Milli Məclisin deputatı Sahib Alıyev diqqətə çatdırıb ki, Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata birgə bəyanatları iki reallığı üzə çıxardı: “Birincisi, Fransa və Azərbaycandan qaz almayan digər böyük dövlətlərin təsiri altında Brüsseldəki bürokratiya qitənin enerji təhlükəsizliyinin təminində oynadığımız mühüm rolu əvvəlki entuziazmla etiraf edərək davamlı tələbatla bağlı üzərlərinə bəlli öhdəlik götürmək istəməsə də, biz de-fakto Panavropa qaz təhcizatçıyıq və bu sahədə əməkdaşlıq qurduğumuz ölkələrin sayı artmaqdadır. Ötən ilin sonlarından həmin ölkələrdən onuncusu olan Şimali Makedoniya bundan çox məmnundur. İkincisi, belə görünür ki, Şimali Makedoniyanı təkcə qazla yox, gələcəkdə yaşıl enerji ilə də təmin edəcəyik və eyni zamanda iqtisadiyyatlarına investisiya qoymamızda da maraqlıdırlar”.
“Yaxın perspektivdə Şimali Makedoniyanın yerləşdiyi Balkanlar strateji tərəfdaşımız olacaq”
Deputat yaşıl enerji ilə bağlı bildirib ki, burada prosesin tezləşməsində Avropa Birliyinin “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə Ortaq Maraqlar Layihəsi (PMI) statusunu verməsi mühüm rol oynayardı: “Ümid etmək istərdim ki, "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə martın 10-da Budapeştdə keçirilən görüşdə Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə bununla bağlı göndərilən birgə məktub müsbət cavablandırılacaq. İnvestisiyaya gəldikdə, ümumiyyətlə, Azərbaycanın özünün böyük valyuta ehtiyatından daha səmərəli istifadənin yolu kimi bizim üçün əlverişli şərtlər təqdim edən və orada mövqelərimizin möhkəmlənməsini önəmli saydığımız regionlara sərmayə qoymağa üstünlük verməyə başladığını görürük ki, onlardan biri də yaxın perspektivdə həm də strateji tərəfdaşımız olacağı gözlənilən Şimali Makedoniyanın yerləşdiyi Balkanlardır”.
“Son aylarda iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb”
Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, Prezident İlham Əliyevin mətbuat üçün açıqlamasında da bəyan etdiyi kimi, qısa müddət ərzində iki ölkənin prezidentlərinin ikinci dəfə bir araya gəlməsi ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində fəal iş aparıldığını, ölkələrimiz arasında siyasi dialoqun dinamik xarakter aldığını bariz şəkildə göstərir: “Bu gün ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edir. Son aylarda iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb. Azərbaycan qazı artıq ötən ilin sonlarından etibarən Şimali Makedoniyaya çatdırılıb. Hazırda Azərbaycanın yeni qaz yataqlarının istismara verilməsi istiqamətində apardığı fəal çalışmalar gələcəkdə bu ölkəyə lazım olan həcmdə qaz təchizatını artırmağa imkan yaradır”.
“Bu, əməkdaşlığın bütün sahələr üzrə sürətlə inkişafına təkan verəcək”
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ölkələrdən 10-u Avropa məkanındadır: “Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edib. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq nəticə etibarilə digər sahələrdə də əməkdaşlığın əsasını qoymaqdadır. Əminik ki, Şimali Makedoniya Prezidentinin ölkəmizə səfəri, səfər çərçivəsində keçirilən görüşlər və əldə edilən nəticələr əməkdaşlığın bütün sahələr üzrə sürətlə inkişafına təkan verəcək”.
Röya İsrafilova