“Azərbaycanın Fransaya  münasibəti adekvatdır” Siyasət

“Azərbaycanın Fransaya  münasibəti adekvatdır”

Niyaməddin Orduxanlı: “Fransa müstəmləkəçilik siyasəti həyata keçirir”

“Artıq dünyanın bir sıra güclü dövlətləri heç bir beynəlxalq hüquq norması tanımır. İstədiyi addımı atır. Fransa da bu cür dövlətlərdən biridir. Azərbaycana qarşı hər cür böhtanlar, qarayaxma kampaniyaları təşkil edir”.
Bu fikirləri Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Fransanın dənizaşırı ərazilər naziri Manuel Vallsın növbəti dəfə Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə Fransaya xarici müdaxilədə günahlandırmasını şərh edərkən deyib.
Politoloq bildirib ki, Fransanın Azərbaycana qarşı qərəzli mövqeyinin əsasında Ermənistanı dəstəkləməsi faktı və Fransada mövcud olan 100 illik güclü erməni lobbisi dayanır: “Məlumat üçün deyim ki, dünyada ermənilərin ən güclü lobbiçiləri sırasında birinci yerdə Fransa, ikinci yerdə Amerika durur. Fransanın dənizaşırı ərazilər naziri Manuel Valis həyasızcasına Azərbaycana qarşı böhtan atır. Azərbaycan nə etsin ki, Fransa keçmişdə olduğu kimi, indiki dövrdə də müstəmləkəçilik siyasəti həyata keçirir, zəif xalqları və gücsüz dövlətləri işğal etmək, təcavüzə məruz qoymaq, əzmək və bir sıra dövlətlərin təbii sərvətlərini ələ keçirmək, mənimsəmək siyasətini aparır. Fransa yaxın tarixdə xalqlara qarşı soyqırımı aktları həyata keçirib. Təkcə Əlcəzairdə bir milyondan artıq insanı qətlə yetirib. Fransa öz keçmişindən utanmaq əvəzinə, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Azərbaycan xalqı Fransanın bizə qarşı necə nifrət bəslədiyini çox yaxşı bilir. Münasibətlərimizin bu vəziyyətə gəlməsinin kökündə, əlbəttə, Fransa dövlətinin Azərbaycana qarşı olan qərəzli münasibəti durur. Təbii ki, biz düşmən olanla dost ola bilmərik. Münasibətlər qarşılıqlı olmalıdır. Bu gün Azərbaycanın Fransaya münasibəti adekvatdır”.