

Azərbaycanın xarici siyasətində Balkan dövlətləri ilə əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərindənbiridir. Həmin regionu təmsil edən ölkələrdən biri ‒Şimali Makedoniya ilə Azərbaycan arasında dost və səmimi əməkdaşlıq münasibətləri ildən-ilə uğurla inkişaf edir.
Makedoniya öz müstəqilliyini elan etdikdən sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaransa da, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq ötən əsrin sonlarında fəal fazaya daxil olub.
Dövlət başçılarının qarşılıqlı səfərləri, o cümlədən Şimali Makedoniya Respublikasının Prezidenti Qeorqe İvanovun 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfərləri əlaqələrin inkişafına töhfə verib. 2024-cü ildə Bakıda keçirilən COP29 Sammitində iştirak etmək üçün Prezident Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri də bu qəbildən xüsusi əhəmiyyət daşıyıb.
Hazırda regionda baş verən mürəkkəb geosiyasi proseslər, nəqliyyat-tranzit coğrafiyalarında yaranan fraqmentasiyalar, habelə enerji marşrutlarında və təchizat zəncirlərində pozulmalar adıçəkilən region ölkələri üçün yeni çağırışlara səbəb olub.
Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan nəhəng enerji-nəqliyyat layihələri ilə Şərq və Qərb arasında bağlantıların müasir formatını yaradır, enerjinin şaxələnməsində daha fəal mövqe nümayiş etdirir. Bu uğurlu və müdrik enerji diplomatiyası Avropa ölkələrininrəsmi Bakıya yönələn ümidlərini də artırır.
Azərbaycan isə dəyərli və etibarlı tərəfdaş kimi ona uzanan əli geri qaytarmır, nümunəvi rifah modelini formalaşdırır. Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşaraq onların enerji təminatında layiqli yerini qazanır.
Mövcud ssenarilər onu təsdiqləyir ki, Balkan regionunda və Avropanın mərkəzində, bir sıra marşrutların kəsişməsində yerləşən, dünyaya açıq ölkə sayılan Şimali Makedoniya da Azərbaycanla enerji-nəqliyyat və digər sahələrdə münasibətləri intensivləşdirmək, bu sahədə dayanıqlı möhkəm təməllər yaratmaq niyyətindədir. Avropa qitəsinin ən nəhəng enerji arteriyalarından biri olan Cənub Qaz Dəhlizinə diqqətini yönəldən Şimali Makedoniya Hökuməti bu layihədə fəal yer almaq və Azərbaycan qazı hesabına davamlı enerji zəmanəti əldə etmək yönündə səylər göstərir.
İki il əvvəl Azərbaycan qazına çıxış əldə etmək məqsədilə Şimali Makedoniya və Yunanıstan arasında qazötürücü interkonnektorun inşasına dair saziş imzalanıb və layihə çərçivəsində konnektorun inşasının böyük bir hissəsi tamamlanıb. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb və rəsmi Skopye faktiki olaraq Trans-Adriatik qaz boru kəməri(TAP) ailəsinə qoşulub. Yaxın vaxtlarda qazötürücü şəbəkənin TAP infrastrukturları ilə tam əlaqələndirilməsindən sonra bu ölkənin maye təbii qaz terminalları, enerji saxlama məntəqələri də Azərbaycanın hesabına maksimum səviyyədə təmin olunacaq.
Enerji sahəsində başlanmış faydalı əməkdaşlıq sütunları Azərbaycan-Şimali Makedoniya münasibətlərinin keyfiyyətinə yeni məzmun verməklə siyasi-iqtisadi təmasların möhkəmlənməsi üçün də dərin zəminləryaradır.
Martın 11-də Azərbaycanda rəsmi səfəri çərçivəsindəŞimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və müzakirə edilən mövzular bu baxımdan yeni əməkdaşlıq kursunun müəyyən edilməsində yeni fürsət kimi dəyərləndirilə bilər. Xanım Davkovanın son beş ay ərzində Azərbaycana ikinci səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açır.
Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərinin müasir gündəliyində biznes, sosialsektor, humanitar, mədəniyyət, aqrar, bank və digər sahələrdə əməkdaşlığın qurulması yer alır. Hazırda iki ölkə arasında iqtisadi-ticari dövriyyədə dinamikanı artırmaq üçün kifayət qədər resurs potensialı mövcuddur. “Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır” ‒ deyən Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq,ticari-iqtisadi intensivliyi hərəkətə gətirmək üçün qarşılıqlı addımlar atılacaq, səmərəverici mexanizmlər müəyyənləşdiriləcəkdir.
Ötən illər ərzində iki ölkə arasında beş sənəd imzalanıb və onların əhəmiyyətli hissəsi iqtisadi bloku əhatə edir. “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”və “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” imzalanmış sazişlər bu sahələrdə hüquqi baza və investisiya fəallığı üçün təşviqedici imkan yaradıb. Nəticədə Şimali Makedoniyanın Azərbaycanda beş investisiya şirkəti qeydiyyata alınaraq fəaliyyətə başlayıb.
Hər iki ölkənin müvafiq dövlət orqanlarının qarşılıqlı səfərləri də yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli rol oynayır. Azərbaycan hökumət nümayəndə heyətinin ötən illər ərzində Şimali Makedoniyaya səfərləri çərçivəsində kənd təsərrüfatı, meşə, su ehtiyatları, iqtisadiyyat, turizm, maliyyə və s. bölmələrdə faydalı nəticələr əldə olunub, memorandumlar imzalanıb.
enerji sahəsində SOCAR ilə müqavilənin, dövlətlərarası əlaqələrə dair Strateji Əməkdaşlıq Sazişininimzalanması üçün hüquqi detallar hazırdır. Viza tələbindən azadetmə sazişi isə turizmin inkişafına güclü təkan verəcəkdir.
Beləliklə, bu il Azərbaycanla diplomatik münasibətlərin otuzuncu ildönümündə Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri əlaqələrimizin inkişafında yeni səhifə olaraq tarixə düşəcək.
Ramid Namazov
Milli Məclisin deputatı