“Proseslər getdikcə daha kəskin hal alır” Siyasət

“Proseslər getdikcə daha kəskin hal alır”

“Suriya Livan sərhədində baş verənlər artıq bir neçə həftədir ki, zaman-zaman dünya gündəminin əsas müzakirə mövzusuna çevrilir. Qarşı duran tərəflərdən biri Suriyada yeni qurulan hökumət, digəri isə Livanda ciddi strateji gücə və təsir imkanlarına malik, İranın dəstəklədiyi Hizbullahdır. Proseslər getdikcə daha kəskin hal alır. Suriyanın yeni hökuməti devirdiyi Əsəd rejiminə tam dəstək verən Hizbullahı (yəni, dolayısı ilə İranı) sərhədlərindən uzaqlaşdırmaq niyyətini bildirir. Hizbullah isə Suriyanın yeni hökuməti ilə münasibətlərində düşmən mövqedə durmayacağını iddia edir. Bununla belə gərginlik, hətta silahlı toqquşmalar səviyyəsində davam etməkdədir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu söyləyib.

V.Zifəroğlu əlavə edib ki, bu mənada hazırda sərhəddə yaşananlar həm daxili, həm də xarici faktorlarla əlaqəlidir: “Suriyada hakimiyyət dəyişikliyi Livana da təsirini göstərir. Tarixən hər iki ölkənin biri-birilərinə münasibətdə qarşılıqlı iddia və gərginliklərə İranın Suriyadan sıxışdırılaraq çıxarılması, bununla da regionda yeni gərginliyin yaradılmasında maraqlı tərəf kimi çıxış etməsi faktoru da əlavə edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, regionda yaranmış yeni düzən ABŞ və Qərb koalisiyasının Livandakı maraqlarına uyğundur. Koalisiya Hizbullah və HƏMAS-ın məğlubiyyəti, HƏMAS ilə son atəşkəs prosesi və Suriyada rejim dəyişikliyi ilə Livanda tarixi fürsətdən istifadə etmək niyyətindədirlər”.

Röya İsrafilova