Politoloqdan şok iddia: “İsrail Əhməd əş-Şaranı devirə bilər” Siyasət

Politoloqdan şok iddia: “İsrail Əhməd əş-Şaranı devirə bilər”

“Suriyada hazırda elə bir vəziyyət yaranıb ki, daxildə prosesləri daha da gərginləşdirmək üçün müəyyən addımlar atıla bilər”.

Bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini, politoloq Niyaməddin Orduxanlı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Suriyada 10 ildən artıq davam edən vətəndaş müharibəsi hakimiyyətin məğlubiyyəti ilə başa çatıb:

“Devrilmiş prezident Bəşər Əsəd ölkəsini yerlə-yeksan edib. Milyonlarla insan ölüb, ölkə əhalisinin bir hissəsi qaçqın düşüb, şəhərlər xarabalığa çevrilib. Artıq Suriyada vətəndaş müharibəsi dayansa da, ölkədə faktiki olaraq vəziyyətə nəzarət edə biləcək hökumətin yaranacağına heç bir zəmanət yoxdur.

Nəzərə almaq lazımdır ki, həmişə ən ağır dövr müharibələrdən sonra olur. Çünki müharibədən sonrakı vəziyyəti aradan qaldırmaq və sabitliyi təmin etmək çox çətindir. İndiki vəziyyətdə orada hər kəsin əlində silah var və bütün ölkə dağılmış vəziyyətindədir”.

Ekspert qeyd edib ki, hazırda Suriyada bir çox silahlı qruplaşma var:

“Yəni belə bir vəziyyətdə hansısa hadisələrin baş verməsi gözləniləndir. Üstəlik, bir sıra dövlətlərin də Suriyada marağı var. Əslində həmin maraqlar çərçivəsində adıçəkilən ölkə bu vəziyyətə salınıb. Ümumiyyətlə, ABŞ və bir sıra dövlətlərinin Suriyadakı marağı təmin edilmədiyi üçün orada vətəndaş müharibəsi başladı. Bəşər Əsəd həmin qüvvələrin iqtisadi, neft və enerji maraqlarını təmin etmiş olsaydı, müharibə başlamayacaqdı.

Guya ABŞ Suriyada, Əfqanıstanda, İraqda, Liviyada hansı demokratiyanı təmin edir ki? Onlara sadəcə həmin ölkələrin nefti, qazı, qızılı lazımdır. Necə ki, 3 ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsindən sonra Donald Tramp gəlib Ukraynanın təbii sərvətlərini istədi”.

Politoloq son zamanlarda İsrail və Suriya arasında yaşanan gərginlik barədə də danışıb.

Onun sözlərinə görə, İsrail Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaranı devirə bilər:

“Nəzərə almaq lazımdır ki, İsrailin arxasında dayanan ölkə də məhz ABŞ-dir. Əslində, ABŞ təhdidlərini İsrailin dili ilə Əhməd əş-Şaraya çatdırır. Rəsmi Vaşinqton bununla həm də Türkiyə və Şaranı dəstəkləyən qüvvələrə mesaj verməyə çalışır.

ABŞ bir növ maraqları təmin olmayacağı təqdirdə, Şaranı devrilə biləcəyini deyir. Onun bu il içərisində də devrilməsi mümkündür. Hətta bu, bir ay içərisində də baş verə bilər. Həmçinin, Şara devrilməsi də, ona sui-qəsd olma ehtimalı da var. Bunu öz ətrafındakı adamlar belə edə bilər. Çünki onun qarşısında ABŞ və İsrailin xüsusi xidmət orqanları dayanır”.