

Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən Qarabağ münaqişəsinin sona çatdırılması istiqamətində son razılaşma beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Musavat.com xəbər verir ki, bu kontekstdə, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Argentinaya rəsmi səfəri zamanı verdiyi açıqlamalar yerli mətbuatda geniş şəkildə işıqlandırılıb.
Argentina mətbuatında yer alan yazılarda bildirilir ki, tərəflər arasında əldə edilən ilkin razılaşma bölgədə sülhə doğru atılmış ciddi addım kimi qiymətləndirilir. Buenos-Ayresdə keçirilən mətbuat konfransında danışan Əmirbəyov bildirib ki, Ermənistan bu dəfə real olaraq başa düşüb: Azərbaycanla sülh fürsəti əbədi deyil.
“Ermənistan bu fürsətin daimi olmayacağını anladı və onun əldən çıxması onlar üçün ağır nəticələr doğura bilər”, – deyə o vurğulayıb.
Əmirbəyov bildirib ki, ötən həftə yekunlaşan danışıqlar nəticəsində tərəflər diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması istiqamətində razılaşmaya yaxınlaşıblar. Lakin Azərbaycanın mövqeyinə görə, bu prosesin irəliləməsi Ermənistanın siyasi iradəsindən – konstitusiyasında dəyişikliklər edərək gələcək ərazi iddialarından imtina etməsindən və sərhədlərdə xarici hərbi qüvvələrin çıxarılmasından asılıdır.
“Bu razılaşma bir son yox, başlanğıcdır. Sülh yalnız sözlə yox, əməllə qurulur. Qafqaz üçün daha sabit və firavan gələcək naminə irəliləməliyik”, – deyə o əlavə edib.
Argentina mediası qeyd edir ki, Ermənistanla Azərbaycan arasında 1991-ci ildən bağlı olan sərhədlərin açılması və qarşılıqlı diplomatik əlaqələrin qurulması real mərhələyə daxil olub. Bu münaqişə 1991–1994 və 2020-ci illərdə iki böyük müharibəyə səbəb olmuş və 40 mindən çox insanın həyatına son qoymuşdu.
2023-cü ildə Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbiri nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunub. Bunun ardınca 100 mindən artıq erməni əsilli sakin bölgəni tərk edib və bu, sülh danışıqlarına yeni impuls verib.
Yazıda həmçinin qeyd olunur ki, Cənubi Qafqaz bölgəsi coğrafi və geosiyasi baxımdan olduqca həssasdır. Rusiya, İran, Türkiyə, Fransa və İsrail kimi güclər illərlə tərəflərə müxtəlif dəstək formaları ilə bu münaqişədə rol oynayıblar.
Azərbaycan rəsmisinin Argentinadakı çıxışı bu mesajla tamamlanıb: “Əgər biz bu fürsəti düzgün dəyərləndirsək, Cənubi Qafqaz sülh və əməkdaşlıq bölgəsinə çevrilə bilər.”
Musavat.com bildirir ki, Argentina erməni diasporunun ən güclü olduğu olkələrdən biridir. Argentina qondarma soyqırımı tanımaqla bərabər (2007-ci il), Ermənistanla da sıx dostluq əlaqəsi saxlayır. Belə bir ölkənin mediasında Azərbaycan həqiqətlərinin işıqlandırılması rəsmi Bakının üstün diplomatik addımlarından biridir.?