

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetində keçirilən "İnnovativ Yollarla Yaşıl Gələcəyə doğru: Bərpa olunan Enerji və Emissiyaların azaldılması: Ümumi Əməkdaşlıq nöqtələrinin müəyyənləşdirilməsi" mövzusunda Beynəlxalq Elmi Konfransda deyib.
Səfir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rolundan danışıb.
Diplomat ölkəsinin alternativ enerji mənbələrindən istifadə olunması və bu sahənin daha da inkişafında maraqlı olduğunu söyləyib:
"Biz hesab edirik ki, Azərbaycan təkcə Mərkəzi Avropa regionu deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. "Yaşıl Enerji dəhlizi" layihəsi də öz əhəmiyyətinə görə Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Macarıstan özünün enerji təhlükəsizliyini bərpa olunan enerji mənbələri hesabına təmin etməkdə maraqlıdır. Bunun nəticəsində ölkəmizdə külək enerjisindən istifadə üzrə bir sıra layihələr həyata keçirilir. Bu tədbirlər enerji asılılığına son qoyulması və bu sahədə təhlükəsizliyin təminatına xidmət edir. Hesab edirəm ki, hökumətlər arasındakı dialoq enerji sabitliyinin təminatına xidmət edəcək".
Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov isə bildirib ki, Azərbaycanın quruda malik olduğu enerji mənbələrinin həcmi quruda 135, suda isə 157 gigavatdır. Azərbaycan 2030-cu ilədək 6 gigavat Günəş və külək enerjisi istehsal edəcək.
O vurğulayıb ki, hər bir ölkənin "yaşıl iqtisadiyyat" və "yaşıl enerji"yə keçidi təkcə ekoloji deyil, siyasi və iqtisadi təhlükəsizlik cəhətdən də mühüm əhəmiyyət daşıyır.
Tədbirdə həmçinin iştirakçı ölkələrin alternativ enerji mənbələrinə göstərdikləri maraq, habelə, bu növ enerji resurslarının təşviqi barədə ətraflı fikir mübadiləsi aparılıb.
Konfrans panel müzakirələrlə işini davam etdirib.