“Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb” Siyasət

“Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb”

İlham Əliyev: “Bizim xarici sərmayələrə, maliyyələşməyə ehtiyacımız yoxdur”

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.

Prezident İlham Əliyev forumda çıxış edib bir sıra mühüm məsələlərə toxunub.

Prezident İlham Əliyev bildirib ki, bir neçə dəfə belə tədbirlər keçirilib: “Müxtəlif ölkələrdən gəlmiş ekspertlər Azərbaycana səfər etdilər və qlobal gündəlikdə duran məsələləri müzakirə etdilər. Bütün bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır.

Dövlətimizin başçısı bildirib: “Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir”.

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq”

Preziden İlham Əliyev deyib ki, Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb: “Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb.

Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanı nəinki bu prosesdən, o cümlədən ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq”.

“Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb”

Dövlət başçısı həmçinin əlavə edib: “Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Bizim bütün şanslarımız var idi.

Bütün dağıntılara, Azərbaycan xalqının əzab-əziyyətlərinə baxmayaraq, belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əgər biz Azərbaycan-Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq - bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi”.

“Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”

Prezident deyib ki, Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər: “Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”.

“Ermənistan tranzit ölkəyə çevrilə bilərdi”

Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi:“Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”.

“Kiçik addımlarla başlayaraq etimadı qura bilərik”

Prezident diqqətə çatdırıb: “Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq.

Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik. Bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik”.

“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”

Prezident İlham Əliyev deyib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib: “İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”.

Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.

“Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər”

Prezident İlham Əliyev söyləyib ki, bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. “Biz qisas almağa çalışmırdıq, hərçənd başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq. Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər. Ona görə də mən hesab edirdim ki, biz döyüş meydanında qisas alacağıq və döyüş meydanından kənarda normal insan davranışına və müharibə qaydalarına zidd olan heç bir əməl törətməyəcəyik”, - deyən dövlətimizin başçısı müharibənin bütün beynəlxalq qaydalara uyğun olaraq aparıldığını və bütün mütəxəssislərin bunu yüksək qiymətləndirdiklərini vurğulayıb.

Bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər: “Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir.

Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur”.

“Trampın prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi”

Dövlət başçısı diqqətə çatdırıb ki, onlar (Ermənistan – red.) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək: “Ancaq Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək”.

“Müharibədən sonrakı vəziyyətin necə inkişaf edəcəyi Ermənistandan asılıdır”

Prezident əlavə edib: “Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq. Biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq”.

“Bayden-Blinken administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər”

Prezident vurğulayıb ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər: “Bu da bizim günahımız deyil”.

Dövlətimizin başçısı qeyd edib ki, biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olmuşuq: “Çünki ABŞ dünyanın ən güclü dövlətidir”.

Dövlətimizin başçısı deyib: “Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları – red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar.

Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.

“Hazırda ABŞ-la çox güclü münasibətlər bölgəmiz üçün vacibdir”

Prezident İlham Əliyev qeyd edib ki, onların (Tramp administrasiyası – red.) indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir”.

Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.

“COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq”

Prezident İlham Əliyev deyib ki, biz Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstəyimizi veririk: “COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk”.

“Biz Qoşulmama Hərəkatının çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq”

Prezident söyləyib ki, biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq: “Bir yaxşı hekayətə imza atdıq”. Hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirdiyini, parlament platformasını yaratdığını deyən dövlətimizin başçısı qeyd edib: “O, uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platformasını təsis etdik. Bütün bunlar Azərbaycanın yaratdığı hekayətdən xəbər verir. Biz, eyni zamanda, Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetiririk və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq”.

“COP zamanı biz Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq”

Prezident bildirib ki, COP zamanı digər mühüm nailiyyət karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət idi və bu, razılaşdırıla bilmirdi: “Bununla bağlı razılıq məhz Azərbaycanda əldə olundu, bizim sədrliyimiz zamanı, bizə olan etimad sayəsində baş verdi.

Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımıza qoyduğumuz vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, - yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, - bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Biz səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördük. Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib”.

“Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar…”

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub: “Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”.

“Azərbaycan Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib”

Prezident deyib ki, Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib.

“Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır”, - deyən dövlətimizin başçısı əlavə edib: “İstərdik ki, bu təşkilat (Türk Dövlətləri Təşkilatı – red.) daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var”.

“Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır”

Dövlət başçısı vurğulayıb ki, Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır: “Xalqlarımız arasında tarixi bağlantılar var”.

Müstəqillik dövrünün lap əvvəlindən Gürcüstanın və Azərbaycanın dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma nümayiş etdirdiklərini deyən dövlətimizin başçısı bildirib: “Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik”.

“Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq”

Prezident bildirib ki, Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb: “Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz demək olar ki, əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən aşağıdır. Bu onu göstərir ki, bizim xarici sərmayələrə, maliyyələşməyə ehtiyacımız yoxdur”.

“Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik”

Prezident İlham Əliyev söyləyib ki, biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik: “Onların şirkətləri yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri ki Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda da biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə yaşıl enerji sahəsinə yatırımlar qoyulsun”.

“Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik”

Dövlət başçısı diqqətə çatdırıb ki, biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik: “Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq”.

Son aylar ərzində iki ölkənin yüksəksəviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: “Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.

“Həmin terrorçu və onun arxasında duranlar cəzalanmalıdırlar”

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub.

“Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, - deyən dövlətimizin başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib. Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.

“USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır”

Prezident İlham Əliyev bildirib ki, Prezident Trampın atdığı addımlar çox perspektivlidir, lakin bu, son deyil: “USAID nəhənglərdən biridir, bu, tamamilə korrupsiyaya uğramış təşkilatdır.

“Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını, lakin bunun kifayət olmadığını deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, "Freedom House" , “Amnesty International” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır.

“Biz Suriya hökumətini dəstəkləyirik”

Prezident İlham Əliyev deyib: “Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi”.

Ermənistanın rəhbərliyi ilə Suriyanın ovaxtkı rəhbərliyi arasında bir çox təmasların olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu, heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar (Ermənistan) Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən belə ikiüzlü insanlara yenidən meydan verilməyəcək. Biz Suriya hökumətini dəstəkləyirik”.

“Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq”

Prezident diqqətə çatdırıb ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı: “Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı”.

Dövlətimizin başçısı əlavə edib: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.

Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib: “Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.