“Prezidentin çıxışı siyasi mesajlarla dolu bir bəyanat idi” Siyasət

“Prezidentin çıxışı siyasi mesajlarla dolu bir bəyanat idi”

“Prezident İlham Əliyevin "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda çıxışı hər hansı bir tədbirdə edilən sıravi çıxış deyildi. Bu, Azərbaycanın beynəlxalq ictimaiyyətə, tərəfdaşlara, qonşulara və hətta müttəfiqlərə ünvanladığı açıq siyasi mesajlarla dolu bir bəyanat idi. Cənab Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən məqamlardan biri onun istifadə etdiyi üslub və intonasiyadır. Bir az öncə də qeyd etdiyim kimi, bu, adi bir rəsmi nitq deyil, açıq mesajlar idi. Bu mesajlarda mücərrəd və diplomatik ifadələr deyil, konkret ünvanlı və sərt tonda deyilmiş açıq ismarıclar vardı. Bu çıxış daxili auditoriyaya yox, daha çox xarici auditoriyaya – ABŞ, Avropa, İran, Brüssel, eləcə də Türkiyəyə də ünvanlanan mesajlar idi ki, cənab Prezident öz çıxışda bunu çatdırdı”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Vəli Əlibəyov söyləyib.

V.Əlibəyov diqqətə çatdırıb ki, bu çıxış onu göstərdi ki, Azərbaycan artıq beynəxalq səhnədə təkcə reaksiya verən dövlət deyil, eyni zamanda, prosesləri formalaşdıran və şərtlər irəli sürən tərəfdir: “Prezidentin intonasiyasının sərtliyi və mövqelərin aydın şəkildə ifadəsi Bakının artıq özünü regionda və onun hüdudlarından kənarda da ciddi, geosiyasi aktor kimi qəbul etdirmək istədiyini göstərdi”.

Politoloqun sözlərinə görə, dünya siyasətində gedən proseslər onu göstərir ki, dünyadakı güc mərkəzləri Avropadan Asiyaya doğru yerini dəyişməkdədir: “Bu dəyişiklikdə də Cənubi Qafqazın, Orta Asiyanın öz yeri var. Azərbaycan da burada özünəməxsus söz sahibidir və onu söz sahibi edən də Azərbaycanın geosiyasi çəkisi, eyni zamanda, geostrateji mövqeyidir. Çünki Azərbaycan enerji daşıyıcılarının Qərblə Asiya arasında daşınmasında mühüm bir həlqədir, həmçinin Cənubi Qafqazda da siyasi sabitləşdirici rol oynayır”.

Röya İsrafilova