“Bu, Azərbaycanla Türkiyənin eyni məqsəd ətrafında birləşdiyinin göstəricisidir” Siyasət

“Bu, Azərbaycanla Türkiyənin eyni məqsəd ətrafında birləşdiyinin göstəricisidir”

“11-13 tarixlərində Antalyada keçirilən IV Diplomatiya Forumu bir çox məsələlərin müzakirəsi üçün yeni imkanlar yaradır. Bu foruma dövlət başçımızın dəvət olunması və iştirakı təkcə ölkələrimiz arasında strateji münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin beynəlxalq auditoriyada gündəmə gətirilməsi baxımından əhəmiyyətli olacaq”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Bakıda keçirilmiş beynəlxalq forumda “Yeni dünya nizamına doğru” mövzusu ətrafında müzakirələr təşkil olunmuşdusa, Antalyada isə “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusu ətrafında qlobal çağırışların müzakirəsi aparılacaq: “Bu, ilk növbədə Azərbaycanla Türkiyənin diplomatiya, sülh və əməkdaşlıq üzərində qurulmuş eyni məqsəd ətrafında birləşdiyinin göstəricisidir. Təbii ki, burada iki qardaş ölkənin dövlət başçıları, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qlobal liderliyinin dünya nizamına verdiyi töhfələr xüsusilə vurğulanmalıdır”.

Röya İsrafilova