“Çevriliş fikrinə düşənlər yalnız kimlərisə pul qarşılığında bədbəxt edirlər” Siyasət

“Çevriliş fikrinə düşənlər yalnız kimlərisə pul qarşılığında bədbəxt edirlər”

Qüdrət Həsənquliyev: “Bundan artıq heç nəyə nail ola bilməzlər”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Rusiya Federasiyasına 30 iyundan sonra Rusiyanın müvafiq dövlət orqanlarından 3 gün öncədən icazə kodu almadan getmək yasaq olunacaq. Azərbaycanın cavabı necə olmalıdır?

- Rusiya bir tərəfdən özünü keçmiş sovet respublikalarının daha sıx inteqrasiya olunması tərəfdarı kimi təqdim edir, digər tərəfdən pisixoloji diskomfort və etimadsızlıq yaradan bu cür mənasız qərarlar qəbul edir. Diplomatik kanallarla çalışmalıyıq ki, Rusiya bu addımdan çəkinsin. Amma heç bir halda qarşılıqlı olaraq biz də Rusiya vətəndaşları üçün eyni məhdudiyyəti tətbiq etməməliyik. Çünki bir tikə çörək dalınca Rusiyaya gedən çoxsaylı Azərbaycan vətəndaşı həmin ölkənin vətəndaşlığını qəbul etməyə məcbur olub. Azərbaycan bütün azərbaycanlıların vətənidir, xüsusilə Azərbaycanda doğulmuş şəxslərin özləri və onların nəvə-nəticələri üçün. Belələri vətəndaşlıq üçün müraciət edərsə onların bu xahişi dərhal yerinə yetirilməlidir. Biz ƏHD partiyası olaraq həmişə, həm də cənubi azərbaycanlıların öz vətənlərinə, Azərbaycan Respublikasına sərbəst gəlib-getmələri üçün İranla viza rejiminin aradan qaldırılması təşəbbüsü ilə çıxış etmişik. Dünyanın harasında yaşamalarından asılı olmayaraq biz öz soydaşlarımıza sahib çıxmalıyıq.

- Qüdrət bəy, Prezident ADA-da görüş zamanı çevriliş cəhdlərindən danışdı. Azərbaycanda kimsə belə bir cəsarət nümayiş etdirə bilərmi?

- Müstəqillik əldə edəndən sonra ölkəmizdə zaman-zaman belə cəhdlər olub, hətta baş tutanı da. Hazırda vəziyyət dəyişib. Dövlətimiz oturuşub. Xalqın həm islahatlarla bağlı Prezidentdən böyük gözləntiləri, həm də ona böyük dəstəyi var.
İkinci mühüm faktor ölkədə güclü daxili işlər nazirinin olmasıdır. Vilayət Eyvazovu uşaqlıq illərindən tanıyıram, onun xarakterinə bələdəm və Prezidentə nə qədər sadiq olduğunu da bilirəm. Nə qədər ki, o nazirdir, ölkədə sabitlik qorunacaq və ağlı başında olan kimsə antikonstitusion yolla hakimiyyət dəyişikliyi barədə düşünməməlidir. Baş tutmuş Gəncə qiyamından sonra rəhmətlik eks prezident Elçibəy deyirdi ki, mənim Ramil Usubov kimi nazirim olsaydı heç kim ölkədə dövlət çevrilişi həyata keçirə bilməzdi. Bu barədə əvvəllər danışmışam.
Üçüncüsü isə, xalqımız, siyasi partiyalar, ictimai fəal kəsim çevrilişlərin insanlara yaxşı heç nə vəd etmədiyini, hansı fəlakətlərə və məhrumiyyətlərə yol açdığını da öz üzərində sınayıb.
Dördüncü mühüm faktor isə regionda marağı və siyasi proseslərə təsir imkanları olan böyük ölkələrin Azərbaycanda sabitlikdə maraqlı olmasıdır. Başqa çoxsaylı faktorlar da var, əsasları bunlardır.
Ona görə çevriliş fikrinə düşənlər yalnız kimlərisə pul qarşılığında bədbəxt edirlər, bundan artıq heç nəyə nail ola bilməzlər.

- Qüdrət bəy, Əfv komissiyasının iclasları onlayn qaydada keçirilir, niyə? Siz siyasi motivlərlə həbs olunduğu iddia olunan şəxslərin də əfv olunmasını mümkün sayırsınızmı?

- İclaslar yəqin ki, karantin rejiminə görə onlayn qaydada keçirilir. Təəssüf ki, karantin rejiminin anlayışı, karantin rejimi zamanı hüquq və azadlıqların məhdudlaşdırılmasının çərçivəsi və müddəti barədə də qanunvericilik bazası yoxdur.
Bildiyimə görə, Komissiyanın iclaslarında sədr Samir Nuriyev tərəfindən hər kəsə müzakirə olunan məhkumla bağlı öz fikirlərini ifadə etməyə imkan yaradılır. Əsas budur. Əfvetmə haqqında əsasnamədə iclasın necə keçirilməsinə dair düzünə göstəriş yoxdur. Ona görə insanlar özlərini necə rahat hiss edirlərsə qoy iclaslar da o qaydada keçirilsin. Pandemiyadan sonra biz Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik etdik. İndi Milli Məclisin sədri karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi və səsvermənin gücləndirilmiş elektron imzalar vasitəsilə tətbiqi yolu ilə iclasların keçirilməsi barədə qərar qəbul edə bilər. Buna baxmayaraq biz eyni statuslu şəxslər olaraq toplanırıq, bir-birimizin yanında özümüzü rahat hiss edirik, qeyri - rəsmi təmaslardan çəkinmirik, bir-birimizi dinləyirik. Bu həm dövlət işləri, həm də insani münasibətlər baxımından çox önəmlidir. Görünür həm də deputatların bir-brini yoluxdurması da dövlətçiliyimizə təhlükə yaratmır (gülür). Yeri gəlmişkən, Prezident də kollektiv tədbirlərdə iştirak edir.
Sualınızın ikinci hissəsi ilə əlaqədar onu deyə bilərəm ki, Prezident əvvələr siyasi motivlərlə tutulduğu iddia olunan çoxlu sayda məhbusları əfv edib. İndi də mümkündür. Əgər şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərləri barədə belə bir qərar qəbul olunsa biz bunu alqışlayardıq. Çünki onların çoxu artıq xeyli müddətdir ki, məhbəs həyatı yaşayır və inanıram mütləq əksəriyyəti azad olunarsa düzgün yol seçəcək. Bu, humanist bir addım olmaqla yanaşı iqtidarın da, ölkəmizin də maraqlarına uyğun olardı.
Sonda onu da qeyd edim ki, ölkəmizdə əfvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır. Konstitusiyaya görə ədalət mühakiməsini məhkəmələr həyata keçirir və qanunvericiliyə görə məhkum olunmuş şəxsləri məhkəmələr vaxtından əvvəl cəzadan azad edə, yaxud cəzanı yüngülləşdirə bilər. Əfvetmə və amnistiya hüququndan dövlət mənafeləri naminə müstəsna hallarda istifadə olunmalıdır.