Azərbaycan-Çin əməkdaşlığı: perspektivlər nədən ibarətdir? Siyasət

Azərbaycan-Çin əməkdaşlığı: perspektivlər nədən ibarətdir?

“Azərbaycan və Çin arasındakı münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı maraq əsasında əməkdaşlıq edir. Eyni zamanda, Çin Azərbaycanın qeyri-neft sektoru üçün böyük ixrac bazarı rolunu oynayır. İkitərəfli əlaqələr təkcə iqtisadi deyil, həm də mədəni və təhsil sahələrini də əhatə edir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

E.Telmanoğlunun sözlərinə görə, Azərbaycan Çinin təşəbbüs etdiyi bir sıra regional layihələrə maraq göstərir: “Xüsusilə də nəqliyyat-logistika sahəsində, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr Çin mallarının Avropaya çıxışında əsas tranzit rolunu oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Çin mediasına verdiyi müsahibədə Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı. O, xüsusilə "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycan üçün yeni imkanlar açdığını, iki ölkə arasında qarşılıqlı hörmət və dəstək əsasında bərqərar olmuş siyasi dialoqun əhəmiyyətini qeyd etdi. Eyni zamanda, Azərbaycanın Çinin ərazi bütövlüyünə dəstək verdiyini, Pekinin də Qarabağ məsələsində Azərbaycanın mövqeyini anlayışla qarşıladığını xatırlatdı”.

Politoloq əlavə edib ki, Prezident İlham Əliyev aprelin 9-da Azərbaycan beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə də Çinlə bağlı vacib mesajlar verdi: “Cənab Prezident bildirdi ki, Çin Azərbaycan üçün vacib strateji tərəfdaşdır və ölkələrarası münasibətlər çoxşaxəlidir. İlham Əliyev Çinin beynəlxalq siyasətdə artan rolunu vurğuladı və qeyd etdi ki, Çinlə əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi, humanitar və texnoloji sahələri əhatə etməlidir. Bu görüşdə Prezident Azərbaycanın Çinlə əməkdaşlığının gələcək perspektivlərinin daha da genişlənəcəyini, xüsusilə yeni nəqliyyat dəhlizləri, texnoloji transferlər və təhsil mübadiləsi sahələrində real nəticələrin gözlənildiyini qeyd etdi. Bütün bu siyasi, iqtisadi proseslər isə yalnız bir fakt - Azərbaycanın yürütdüyü dəqiq və güclü siyasət üzərində fokuslanır”.

Röya İsrafilova