Bayramov Yulius Praneviçlə görüşdü Siyasət

Bayramov Yulius Praneviçlə görüşdü

Aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Yulius Praneviçius ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xalqcebhesi.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Litva ikitərəfli və çoxtərəfli münasibətləri, regional və beynəlxalq vəziyyət müzakirə olunub.

İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib, bundan irəli gələn məsələlərin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb. Çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb. Sülh və normallaşma prosesinin irəlilədilməsinin qarşısında duran çağırışlar, o cümlədən Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaları, Ermənistanın sürətli silahlanması, habelə keçmiş münaqişədən qalma ATƏT-in Minsk qrupu və aidiyyəti strukturların mövcudluğu məsələsi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün, həmçinin Azərbaycan Respublikası və Litva Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik ediblər.