TÜRKPA Baş katibi: Türk dövlətlərinin müdafiə sahəsində əməkdaşlığı əlahiddə əhəmiyyətə malikdir Siyasət

TÜRKPA Baş katibi: Türk dövlətlərinin müdafiə sahəsində əməkdaşlığı əlahiddə əhəmiyyətə malikdir

Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ortaq təhdidlərə cavab verilməsi, strateji maraqlarımız, regional təhlükəsizlik və sabitlik baxımından əlahiddə əhəmiyyətə malikdir.

APA-nın xəbərinə görə, bunu Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er bildirib.

Mehmet Süreyya Er qeyd edib ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində dövlətlərimiz arasında birlik və həmrəyliyin daha da güclənməsi, hər sahədə əməkdaşlığın inkişafı mühüm rol oynayır: “Bu sahədə əməkdaşlığın institusionallaşmasında həm Türk Dövlətləri Təşkilatı, həm də türk əməkdaşlığının parlament ölçüsü olan TÜRKPA əsas platformalar kimi çıxış edirlər. Ölkələrimizin və ümumən bölgəmizin təhlükəsizliyi üçün atılan addımlarda parlament əməkdaşlığının özünəməxsus yerini bir daha qeyd etmək istərdim. Bundan sonra da davam edəcək parlamentlərin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclasının nəinki TÜRKPA çərçivəsində əməkdaşlığa, o cümlədən dövlətlərimizin və regionumuzun təhlükəsizliyinə mühüm töhfə verəcəyinə ürəkdən inanıram. Türk dövlətləri arasında ortaq soy-kökə, tarixə, mədəniyyətə, dilə və dəyərlərə söykənən əməkdaşlıq türk dünyasını yüksələn güc mərkəzinə çevirir. Bu gün əməkdaşlığımız bir çox sahələrdə həmrəylikdən strateji koordinasiyaya keçid edir desək, yanılmarıq”.

TÜRKPA-nın Baş katibi vurğulayıb ki, Türk dövlətləri geniş bir coğrafiyada, o cümlədən regiondan kənarda təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayırlar: “Avrasiyanın qəlbində yerləşən türk dünyasının üzləşdiyi çağırışlar da çox zaman ortaqdır. Terrorizm və transsərhəd problemlərə qarşı mübarizə, qonşu dövlətlərdə qeyri-sabitlik və digər təhdidlər bu çağırışlara bir örnəkdir. Təhlükəsizliyə təhdidlərin uğurla öhdəsindən gəlinməsində məhz müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımız həyati əhəmiyyət kəsb edir. Müdafiə sənayesində əməkdaşlıqdan ortaq hərbi təlimlərə, terrorizm və transsərhəd problemlərə qarşı mübarizədən kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizəyə qədər geniş sahələrdə əməkdaşlıq bu potensialın səmərəli reallaşdırılmasına imkan verə bilər. Bunun üçün isə institusional müstəvidə dialoq və sistemli qarşılıqlı fəaliyyət vacib əhəmiyyət kəsb edir. Bu baxımdan, TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclaslarının müntəzəm əsasda keçirilməyə davam edilməsinin əhəmiyyətini vurğulayır, bu platformanın ölkələrimiz arasında müvafiq sahədə ortaq gündəliyin və uzunmüddətli strategiyanın formalaşmasına töhfə verəcəyinə inanıram. Düşünürəm ki, bugünkü iclasımız bu yöndə önəmli pilləni təşkil edir”.