Makronun türk birliyini parçalamaq hikkəsi Siyasət

Makronun türk birliyini parçalamaq hikkəsi

Şimali Kipr Türk Cümhuriyyətini tanımamağa çağıran sənədə imza atanlar bu mövqeyi Ankara ilə razılaşdırıblar?

Səmərqənddə keçirilən birinci Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentlərinin birgə bəyannamədə Kipr türklərinin “qanunsuz separatçı fəaliyyətlərini” pisləyən və BMT-yə üzv dövlətləri Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımamağa çağıran sənədə imza atmaları ətrafında müzakirələr səngimir.

“Regnum” yazıb ki, Fransanın mövqeyi, şübhəsiz ki, yekun bəyannamənin mətnində əhəmiyyətli olub. “Son illərdə Avropa İttifaqı adından bütün xarici siyasət fəaliyyətlərində ton təyin edən məhz Fransadır. Fransa da ŞKTC-ni tanımır. 1983-cü ildə Fransa BMT Təhlükəsizlik Şurasının ŞKTC-nin müstəqillik elanını hüquqi cəhətdən etibarsız elan edən 541 saylı qətnaməsini dəstəkləyib. 2021-ci ildə Fransa Prezidenti Emmanuel Makron Ərdoğanın Kipr probleminin iki dövlət əsasında həlli ilə bağlı çağırışlarını pisləyərək onları "təxribat" adlandırmışdı. "Əminliklə güman etmək olar ki, Səmərqənddə keçirilən sammitin bəyannaməsinin 4-cü bəndinin tezisləri Fransa tərəfindən daxil edilib", - deyə məqalədə bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev ADA-da keçirilən konfrans zamanı Şimali Kipr məsələsinə toxunub. Prezident deyib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.

“Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı”, - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür.

Haqqın.az xəbər verir ki, tanınmış beynəlxalq jurnalist Ardan Zentürk hadisəni Türkiyəyə “geosiyasi zərbə” və xəyanət adlandırıb. “50 illik karyeramda belə bir şey görməmişəm. Biz əsl siyasi xəyanətlə üzləşirik. Bu dörd türk ölkəsi - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan öz imzaları ilə Türk Kiprini tanımadıqlarını təsdiqlədilər. Onlar Türkiyəni Kiprdə işğalçı adlandıran Avropa, ABŞ və Rusiya ilə birləşiblər”. Və bəyanatının sonunda dedi: “Əgər bu dövlətlər ŞKTC-ni inkar edən qətnamələrə imza atsalar, Türk Dövlətləri Təşkilatı bütün mənasını itirər. Bağlayın. Bu, təkcə Kipr Türkünə deyil, Türkiyənin özünə də bir sillədir... Bu, sadəcə olaraq, diplomatik səhv deyil, xəyanətdir”. Sayt onu da yazır ki, hazırda Ankara üçün Türk birliyi prioritet deyil, diqqəti Yaxın Şərq, ABŞ və Avropa Birliyi ilə əlaqələrə yönəldib.

Aydın görünür ki, Makron bu cür xainliklə həm də türk birliyinə xələl gətirmək istəyib. Makron öz ağlınca ŞKTC-nın tanınmasına əngəl olmaq, eləcə də Fransanın işğalı altında olan dənizaşırı ərazilərə diplomatik dəstək verən Bakıya “dərs vermək” istəyib...

Sona Əliyeva:

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Şimali Kiprlə bağlı məlum bəyanat daha çox mövcud siyasi konfiqurasiyada manevr kimi dəyərləndirilə bilər: “Əslində bu, digər türk dövlətlərinin Azərbaycan qədər xarici siyasətdə müstəqil olmadığının göstəricisidir. Düşünürəm ki, burada təkcə Fransanın yox, həm də Orta Asiyada böyük təhrik-təzyiq qüvvəsi sayılan İranın təsiri var. Məsələ Türk Birliyi olunca bütün düşmənlər eyni çətir altında birləşə bilirlər. Çox güman ki, Orta Asiyadakı türk ölkələrinin "dərin dövləti" bu sənədə imza atmadan öncə Ankara ilə məsləhətləşmələr aparıb. Ən azından, xəbərdarlıq ediblər. Düşünürəm ki, bu sənəd həm də qabaqlayıcı addımdır. Şimali Kipr Türk Respublikası ilə türk dövlətlərinin iqtisadi əlaqələri günü-gündən artır. Bu da Yunanıstanın və Avropa Birliyi ölkələrinin qıcığına səbəb olur. Ehtimal ki, Orta Asiyadakı ölkələr ilk növbədə bu qınaqdan yayınırlar. Digər tərəfdən, Orta Asiyadakı türk ölkələri öz təbii ehtiyatlarını Avropaya çıxarmaq və Rusiya asılılığından qurtarmaq istəyirlər. Düşünürəm ki, indiki mərhələdə Qərbin könlünü oxşamaq üçün bu addım atılıb. Əgər hər hansı nəticə olmazsa, o zaman Şimali Kipr Türk Respublikası ilə əlaqələr növbəti mərhələyə keçəcək. Hələ ki cari siyasi konfiqurasiyada bu cür manevrlərlə türk dövlətləri oyun quraraq vəziyyətdən çıxmağa çalışırlar".

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bu imza atmanı Türk dünyasına ən böyük xəyanət kimi qəbul edir: “Sərt səslənsə də, açıq şəkildə bildirmək istəyirəm ki, bu, qardaşın qardaş kürəyinə vurduğu xəncərdir! Əlbəttə ki, bu məsələdə Fransanın rolu böyükdür. Tək Fransanın deyil, bır sıra dövlətlərin, o cümlədən Qərbin maraqlarına cavab verəcək addım idi. Onsuz da artıq dünya düzənində ədalətin, beynəlxalq hüququn ayaqlar altına atıldığını hamımız görürük. Tam razıyam ki, bu gün Türk Dövlətləri Birliyinin daha güclü olmamasında Amerika, Rusiya və Avropa ölkələri yaxından əməkdaşlıq edirlər. Hətta bu sırada Ərəb Liqası da var. Çünki heç bir ölkəyə Turanın mövcudluğu sərf etmir. Makron icraçıdır. Xain bəyannamə ilə türk birliyinə zərbə vurmaq niyyətindədir. İnanmaq istərdim ki, hər 4 dövlətin başçıları İlham Əliyevdən nümunə götürəcəklər və etdikləri böyük səhvi aradan qaldıracaqlar”.

qaynarinfo.az

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, Avropa İttifaqı Fransanın liderliyi ilə Mərkəzi Asiyaya çıxmaq, bununla da Avrasiyanın nəqliyyat şəbəkələrində, xüsusilə Orta dəhlizdə pay sahibi olmağa çalışır: “Səmərqənd sammiti bu istiqamətdə fəallığın artmasından xəbər verir. Mərkəzi Asiya ölkələrinin də Avropa İttifaqı ilə əməkdaşlıqdan iqtisadi maraqları var, xüsusilə SSRİ dağılandan sonra can atdıqları Avropa bazarına bu əməkdaşlıq üzərindən çıxa biləcəklərini düşünürlər. Bu kontekstdə ŞKTC-yə qarşı qəbul edilən sənəd suallar yaradır, çünki bu, həm Türkiyəyə, həm də ümumilikdə Türk dünyasına qarşı atılmış addımdır. Görünür, Fransa Aİ ilə əməkdaşlıq və dividentlər qazanmaq qarşılığında Mərkəzi Asiya ölkələrinin qarşısına belə bir şərt qoya bilər. Burada məqsəd Türk dünyasında parçalanma yaratmaq və Orta dəhlizə bu parçalanma üzərindən sızmaqdır, çünki Türk dünyasının birliyi Fransanın bu coğrafiyaya müdaxiləsinin qarşısını alır. Mərkəzi Asiyanın türk dövlətlərinin belə bir addım atması iqtisadi perspektivlərdən qaynaqlansa belə, yanlış addımdır. Birincisi, bu addım Türk dünyasının birliyinə zərər vurur və Mərkəzi Asiyanın türkdilli dövlətlərinin yenidən təklənmək təhlükəsini yaradır.

İkincisi, Fransa, yaxud Aİ-yə üzv olan istənilən ölkənin Mərkəzi Asiya ölkələrinə Avropa bazarına çıxışla bağlı verdiyi vədlər ritorikadan başqa bir şey deyil, çünki bütün hallarda çıxış marşrutu Azərbaycan və Türkiyədən keçir. Bakı və Ankara imkan verməyəcəyi təqdirdə, buna nail olmaları mümkün deyil".