

18 Aprel 19:52
Araik Arutyunyan “artsax prezidenti” (qondarma rejimin başçısı – red.) olduğu dövrdə Azərbaycan nümayəndələri ilə Bolqarıstanın paytaxtı Sofiyada danışıqlar aparmaqla bağlı təklif (?) gəldi.
Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin İrəvana qaçan “lideri” Samvel Şahramanyan jurnalistlərə açıqlamasında deyib.
O, təkliflə bağlı iclas keçirildiyini və razılıq verildiyini bildirib:
“Arutyunyan da, biz də bununla razılaşdıq. Onun Sofiyaya getməsi və Bakı nümayəndələri ilə danışıqlar aparmasına müsbət baxırdıq. Bu təklifdən 15 gün sonra danışıqların Slovakiyanın paytaxtı Bratislavada olması ilə bağlı yeni təklif aldıq. Araik və mən daxil “hökumət” üzvləri bununla da razılaşdı. Biz Araikə səfər üçün bilet də aldıq, lakin Azərbaycan təklifi rədd etdi və bizimlə danışıqlar aparmayacağını bildirdi. İndi də Qarabağ ermənilərinin nümayəndəsi kimi niyə Bakı ilə görüşmədiyimi, Yevlax görüşünə getmədiyimi soruşub baş verənlərdə məni günahlandırırlar”.
Lakin Şahramanyan Sofiya və Bratislavda Bakı ilə görüş təklifinin kim tərəfindən irəli sürüldüyünü açıqlamayıb. Ehtimal variantlardan biri bunu o zaman Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanlığının təklif etməsidir.
Xatırladaq ki, 2023-cü ilin sentyabrın 19-da Qarabağda keçirilən bir günlük antiterror əməliyyatlarından sonra sadəcə burada yaşayan erməni icmasının təmsilçiləri ilə Azərbaycan nümayəndələri arasında əhalinin gələcək taleyi ilə bağlı Yevlaxda müzakirələr keçirilib. Rəsmi Bakı keçmiş qondarma rejimin “nümayəndələri” ilə hər hansı danışıqların aparılmayacağını dəfələrlə bəyan etmişdi.