

“2024-cü ildə tərəfimizdən audit və analitik fəaliyyət formasında 52 nəzarət tədbiri keçirilib. Bu tədbirlərin 45,5%-də audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
V.Gülməmmədov bildirib ki, auditlərin əhatə dairəsini icmal büdcənin müxtəlif elementləri, o cümlədən dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları və Naxçıvan Muxtar Respublikasının büdcələrinin gəlir və xərcləri təşkil edib: “Hesabat dövründə auditlərlə dövlət büdcəsinin müxtəlif illər üzrə 8,3 mlrd. manatı, büdcədənkənar dövlət fondları üzrə Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminatı Fondunun 2023-cü ilin büdcələri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-2024-cü illər üzrə 180,6 mln. manatı, bununla yanaşı, qeyri-büdcə vəsaitlərindən 2022-2024-cü illər üzrə 1,0 mlrd. manat əhatə edilib.
Hesabat ilinin KDMN tədbirlərində Hesablama Palatasının diqqətdə saxladığı sahələr – işğaldan azad olunmuş sahələrin bərpası, ətraf mühit, iqtisadi fəaliyyət və büdcədənkənar fondlardır.
İcmal büdcənin xərcləri 47 auditdə araşdırılıb. Auditlərdə xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilmiş və Hesabatda audit nəticələri həmin elementlər üzərindən qruplaşdırılıb.
Uyğunluq elementləri ilə dövlət vəsaitinə tələbatın proqnozlaşdırılmasının əsaslılığı, maliyyə əməliyyatlarının, dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının, büdcə və dövlət satınalmalarının və s. hüquqi aktlara uyğunluğu araşdırılıb.
Hesabat ilində 45 auditdə büdcə qanunvericiliyinin pozulması, 40 auditdə dövlət satınalmaları və 16 auditdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Uyğunluq elementləri üzrə aşkarlanmış pozuntu məbləği 657,0 mln. manat olub, bunun 126,0 mln. manatını hesablanmış büdcəyə zərər təşkil edib. Zərər məbləğinin
- 84,4 mln. manatı üzrə vəsaitin müvafiq qaydada pul və ya natura şəklində bərpası və əvəzləşdirilməsi,
- 15,2 mln. manatı üzrə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi istiqamətində qərar qəbul edilib. Hesabat ilində Azərbaycan Respublikasının Baş Prokurorluğuna 6 nəzarət tədbiri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə isə 2 nəzarət tədbiri üzrə məlumatlar göndərilib.
- 26,4 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.
- Aşkarlanmış pozuntu məbləğinin 531,0 mln. manatını təşkil edən digər pozuntu məbləğinə - vahid büdcə təsnifatına əməl olunmaması, büdcə qanunvericiliyinə dair normativ sənədlərin tələblərinin pozulması, dövlət satınalmaları üzrə qanunvericiliyə əməl olunmaması, büdcə vəsaitinin nəzərdə tutulmadığı istiqamətə istifadəsi və s. pozuntular aid edilib.
2024-cü ilin iş planı üzrə keçirilmiş auditlərdə xərclər maliyyə elementləri aspektindən də araşdırılmış, əsas məqsəd maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlərdə müvafiq qaydada tərtib edilib-edilmədiyini müəyyənləşdirmək olub. Əksər auditlərdə mühasibat uçotunun aparılmasına və maliyyə hesabatlarının tərtibinə, o cümlədən aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin, maliyyə hesabatlarının konsolidasiyası üzrə əməliyyatların tanınması və dəyərləndirilməsinə baxılıb.
Maliyyə hesabatları üzrə təhriflərin məbləği 2 mlrd. 66 mln. manat təşkil edib. Bu əhəmiyyətli təhriflərdən - maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi və digər təhriflərdən, yəni mühasibat yazılışlarının doğru verilməməsi və hesabatlar arası fərqlərdən ibarət olub...”.