“Bu, tarixi bir qərardır” Siyasət

“Bu, tarixi bir qərardır”

“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 17-ci toplantısının 1-2 may tarixlərində Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilməsinə dair qərar indiki məqamda olduqca vacib və əhmiyyətlidir. Hətta deyərdim ki, bu, tarixi bir qərardır. Bunun da səbəbi bəllidir. Məlum olduğu kimi Orta Asiyanın türk dövlətlərinin Kıbrısın rum kəsimi ilə bağlı atdığı addım türk dünyasında bir inciklik, qırğınlıq yaradıb və bunun tez bir zamanda aradan qaldırılması vacibdir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

N.Azəri vurğulayıb ki, məhz belə bir vaxtda ağsaqqalların Kıbrısda toplaşması, həm də ənənəvi toplantılarının növbətisinin Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilməsi bir neçə məqam baxımından dünyaya və türk dünyasına mesaj vermiş olacaq: “Birinci məqam ondan ibarətdir ki, ağsaqqallar bununla Kuzey Kıbrısın tək olmadığını, türk dünyasının Kuzey Kıbrısın yanında olduğunu bütün dünyaya nümayiş etdirmiş olacaq. İkinci məqam ondan ibarətdir ki, türkün törəsində bir böyüklük, ağsaqqallıq ənənəsi var. Hətta əsrlər boyu qan düşmənliyi belə ağsaqqalların məsələyə müdaxiləsindən sonra aradan qaldırılıb. İndiki halda isə şükürlər olsun aramızda hər hansı qan düşmənliyi yoxdur, xırda incikliklər var və bu dəfə də ağsaqqallar bir araya gəlib o incikliklərin aradan qaldırılması yollarını müzakirə edib, qərar qəbul edəcəklər. Üçüncüsü isə TDT dövlət başçılarının Macarıstanda keçiriləcək qeyri-rəsmi və Azərbaycanda keçiriləcək rəsmi sammitləri öncəsi ağsaqqalların Kıbrısda bir araya gəlməsi onu deməyə əsas verir ki, TDT-nin bundan sonrakı siyasətinin mərkəzində Kuzey Kıbrıs Türk Cümhuriyyətini, Kıbrıs türklərini meydanda tək qoymamaq, əksinə, onlara daha sıx sahib çıxmaq fəlsəfəsi dayanacaq”.

Röya İsrafilova