Çinli ekspert: Azərbaycan bəlkə də Orta Dəhlizin ən mühüm oyunçusudur Siyasət

Çinli ekspert: Azərbaycan bəlkə də Orta Dəhlizin ən mühüm oyunçusudur

“Bizim ikitərəfli münasibətlərimizdə flaqman əməkdaşlıq proqramı Transxəzər Orta Dəhliz ola bilər”.

APA xəbər verir ki, bunu Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Kan Cie jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Çin üçün Transxəzər Orta Dəhlizi təkcə Ukrayna böhranının müvəqqəti həlli yolu deyil: “Biz onu Avrasiya və Avropa ölkələri ilə ticarət yollarımızı şaxələndirmək üçün uzunmüddətli strateji alternativ kimi qiymətləndiririk. Transxəzər Orta Dəhlizində isə Azərbaycan bu təşəbbüsün bəlkə də ən mühüm oyunçusudur”.

Kan Cie Azərbaycana səfəri zamanı Bakı Limanında olduğunu modernləşdirmə standartı və rəqəmsal təchizat zəncirindəki imkanlara, rəqəmsallaşdırılmış təchizat zəncirinə heyran qaldığını qeyd edib: “Buna görə də hesab edirəm ki, qlobal ticarət müharibəsi fonunda Çin və Azərbaycanın getdikcə daha çox imkanları var, Orta Dəhlizin inkişafı üzrə əməkdaşlıq üçün daha çox imkanlar olacaq. Həmçinin, biz orta dəhlizə təkcə ticarət yolu və ya sadəcə dəhliz kimi baxmırıq”.

Ekspert Orta Dəhlizi gələcək sənaye kəməri və ya ümumi inkişaf üçün kəmər kimi qiymətləndirdiyini diqqətə çatdırıb: “Son iki ildə biz Çin və Azərbaycan arasında elektrik avtomobilləri, elektrik avtobusları və yaşıl enerji ilə bağlı getdikcə daha çox birgə proqramlar gördük. Çin sənayeləşmədə, istehsal sektorunda bir çox üstünlüklərə malikdir, həmçinin Azərbaycan və digər region ölkələrinin onların yenidən sənayeləşməsi, yaşıl keçid və rəqəmsal keçid üçün strategiyası və ya təşəbbüsü var. Beləliklə, mən hesab edirəm ki, gələcəkdə Kəmər və Yol Təşəbbüsü və Bir Kəmər, Bir Yol təşəbbüsü və Orta Dəhliz təşəbbüsünün inteqrasiyası Çin və digər regional ölkələr arasında sənaye potensialı, xüsusən də Çinin külək enerjisi və günəş enerjisi və elektrik nəqliyyat vasitələrini nəzərdə tutan yeni sınağı üzrə əməkdaşlığını gücləndirə bilər”.