

“Sizin böyük ölkənizdə – Azərbaycanda dəfələrlə olmuşam. Bakıya da bir neçə dəfə səfər etmişəm. İlk dəfə 2011-ci ildə Bakıya gəlmişdim”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin İctimai Elmlər Akademiyasının nəzdində Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları Mərkəzinin direktorunun müavini Yan Cin deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin və Çin Sədrinin bu gün keçirilən görüşü Çin və Azərbaycan arasındakı diplomatik əlaqələr üçün olduqca mühüm hadisədir.
“Azərbaycan və Çin strateji baxımdan bir-biri üçün çox önəmli tərəfdaşlardır. Ötən il Çin sədri Si Cinpin və Prezident İlham Əliyev Asiya dəhlizləri üzrə keçirilən sammitdə görüşdülər və həmin görüş zamanı mühüm bir inşaat layihəsi ilə bağlı razılaşma imzalandı. Bu, ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından vacib bir addım idi. Bu dəfə isə Azərbaycan Prezidentinin Çinə rəsmi dövlət səfəri çox əlamətdar bir hadisədir”, - Yan Cin bildirib.
Onun sözlərinə görə, səfər Çin-Azərbaycan münasibətlərinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır: “Biz bilirik ki, mərhum Prezident Heydər Əliyev də Çin xalqının səmimi dostu olub. Bunu hər kəs yaxşı bilir. İnanıram ki, bu dövlət səfəri çərçivəsində yeni və əhəmiyyətli sazişlər imzalanacaq. Bu razılaşmalar ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək”.
Yan Cin Azərbaycan və Çin arasında qarşılıqlı anlayışın, etimad və siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: “İnanıram ki, bu mühüm səfər vasitəsilə ölkələrimiz arasında səmimi və güclü tərəfdaşlıq daha da inkişaf edəcək”.