
Prezidentin Çinə səfərində 4 mühüm məqam – Tarixi həmlələr
23 Aprel 21:36
“Azərbaycan Prezidentinin Çinə səfəri ikitərəfli və çoxtərəfli müstəvidə əhəmiyyətlidir. Cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə dövlət səfəri həyata keçirməsi də həm liderimizə, həm də ölkəmizə olan diqqətin təcəssümüdür. Çünki cənab Prezident beynəlxalq arenada yüksək nüfuza malik siyasətçidir və ərazi bütövlüyümüzü, suverenliyimizi bərqərar etdikdən sonra ölkəmizə beynəlxalq diqqətlər də artıb”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
Politoloq səfər çərçivəsində əlaqələrin daha da dərinləşməsi istiqamətində mühüm sənədlər imzalandığını və hərtərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirildiyini bildirərək əlavə edib ki, burada xüsusi ilə qeyd etmək lazımdır ki, dövlətlərin bir-birinin suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə hörmət və qətiyyətlə dəstək nümayiş etdirməsi də müstəsna əhəmiyyətə malikdir: “Çin beynəlxalq siyasətdə də, iqtisadi əlaqələr sistemində də məhz bu prinsiplərə əhəmiyyət verir. Digər tərəfdən Azərbaycanla Çin arasında beynəlxalq multimodal daşımalar haqqında saziş həm də ölkəmizin tranzit əhəmiyyətini artırır, Şərq və Qərb arasında olan bağlantılarda mühüm həlqəni təşkil edir. Eyni zamanda, turizmin gücləndirilməsi Azərbaycan və Çin arasında turist axınının əsaslı şəkildə artımına təsir göstərəcək. Xüsusilə vurğulamaq lazımdır ki, bərpa olunan enerji, nəqliyyat, logistika, neft-kimya, metallurgiya, sənayenin rəqəmsal transformasiyası, əczaçılıq, tekstil, maşınqayırma kimi sahələrdə Çinin qabaqcıl təcrübəsi var və Azərbaycan da bu təcrübədən yararlana bilər”.
İ.Hüseynov qeyd edib ki, eyni zamanda, qarşılıqlı investisiya və sərmayələr sahəsində mühüm razılıqların əldə olunması ölkəmizin iqtisadi inkişafına da müsbət təsir göstərəcək: “Azərbaycan beynəlxalq təşkilatlarda da, beynəlxalq siyasi gündəliyə töhfə verməklə də beynəlxalq münasibətlər sistemində fəal aktor kimi iştirak edir və COP29 çərçivəsində əldə olunan mühüm nailiyyətlər, ölkəmizin digər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Çin tərəfindən də yüksək qiymətləndirilir. Xüsusilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan münasibətlərin qurulması Bakı və Pekinin xeyirinədir. Çin beynəlxalq siyasətdə hegemonluq və güc siyasətinin tətbiqi ilə öz xarici siyasət fəaliyyətini formlaşdırmır, əksinə, ümumbəşəri dəyərləri dəstəkləyir, sülhün, inkişafın, ədalətin, demokratiyanın, azadlığın və bərabərlik ideyalarının dünyada təbliğatçısı, əsas təşviqatçısıdır. Buna görə də Çin ilə müxtəlif dövlətlər bərabərhüquqlu formatda münasibətlər qurur və bu münasibətləri dəstəkləyir”.
Röya İsrafilova