

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Səfər çərçivəsində keçirilən görüşlər zamanı siyasi, iqtisadi, humanitar və texnoloji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün konkret planlar müəyyən olundu.
Xüsusilə, "Bir kəmər, Bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanın geostrateji mövqeyinin vurğulanması ölkəmizin Şərqlə Qərb arasında etibarlı tranzit və logistik mərkəz kimi rolunu daha da gücləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələri Çinlə əməkdaşlıqda önəmli əlaqə nöqtələri kimi qiymətləndirildi.
Azərbaycanın xarici siyasətində yeni istiqamət
Səfər zamanı Azərbaycan və Çin arasında kənd təsərrüfatı, enerji, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığı əhatə edən çoxsaylı sənədlərin imzalanması iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün ciddi zəmin yaratdı. Bu addımlar qarşılıqlı investisiya mühitinin formalaşmasına və ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.
Humanitar sahədə də əlaqələrin inkişafı diqqət mərkəzində oldu. Çin universitetlərində Azərbaycan dili və mədəniyyətinin tədrisi, gənclər və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi qarşılıqlı anlaşmanı və mədəni yaxınlaşmanı daha da möhkəmləndirəcək.
Bütün bu amillər bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin dövlət səfəri, Azərbaycanın balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurlu davamıdır. Bu səfər, eyni zamanda, qlobal miqyasda artan geosiyasi dinamika fonunda Azərbaycanın beynəlxalq müstəvidə daha da güclənən mövqeyini əks etdirir.
İkitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması
Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Kan Cie APA-ya açıqlamasında Prezident İlham Əliyevin Çinə səfərini Çin-Azərbaycan münasibətlərində yeni mərhələnin təzahürü olan əlamətdar hadisə kimi qiymətləndirib.
“Prezident İlham Əliyevin Çinə səfəri Çin-Azərbaycan münasibətlərində mühüm mərhələdir. İkitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindən cəmi doqquz ay sonra iki ölkənin liderləri bu münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq barədə qərar qəbul edib. Bu, Çinin diplomatik tarixində misilsiz bir addım olmaqla yanaşı, iki ölkə arasında dərin siyasi etimad və yüksək səviyyəli dostluğun bariz göstəricisidir. Bu qərar Azərbaycanla Çin arasında mövcud olan qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq strateji maraqlara əsaslanan əlaqələrin gələcək inkişafı üçün geniş imkanlar açır”, - deyə Kanq Cie bildirib.
Onun sözlərinə görə, tərəflər Çinin irəli sürdüyü “Bir kəmər, Bir yol” təşəbbüsü ilə Azərbaycanın “Böyük İpək Yolu”nun dirçəldilməsi konsepsiyası və “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf strategiyası” arasında effektiv uzlaşmanın əldə edilməsinə nail olub: “Bu strateji uyğunluq hər iki ölkənin regional nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi və iqtisadi inteqrasiya proseslərinin sürətləndirilməsi sahəsində ortaq maraqlarının ifadəsidir. İkitərəfli investisiya əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi məqsədilə hökumətlərarası səviyyədə yeni işçi qrupunun yaradılması nəzərdə tutulur ki, bu da birgə layihələrin koordinasiyasını gücləndirməklə qarşılıqlı inkişafın davamlılığını təmin edəcək və uzunmüddətli tərəfdaşlıq üçün möhkəm institusional baza formalaşdıracaqdır”.
Vizasız rejim və yeni iqtisadi yollar
Çinli ekspert sənayenin rəqəmsallaşdırılması, yaşıl enerji keçidi, Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı və mədəni-humanitar sahədə mübadilələr kimi prioritet istiqamətlər üzrə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.
“Vətəndaşların qarşılıqlı gediş-gəlişini sadələşdirən vizasız rejim haqqında imzalanmış saziş xalqlar arasında təmasların intensivləşdirilməsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və mədəniyyətlərarası dialoqun, eləcə də turizmin inkişafına əhəmiyyətli töhfə verəcək. Çin tərəfi münaqişədən zərər çəkmiş bölgələrdə sülh və bərpa proseslərinə daim dəstək verib. Məsuliyyətli beynəlxalq tərəfdaş qismində Çin Respublikası Qarabağ münaqişəsindən sonrakı dövrdə infrastrukturun bərpası, humanitar minatəmizləmə və dayanıqlı inkişaf layihələri sahəsində Azərbaycanla da praktik əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”, - deyə Kanq Cie əlavə edib.
Əhatəli strateji tərəfdaşlıq və yeni geosiyasi dinamika
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şərqi Asiya üzrə eksperti Vüsal Quliyev isə APA-ya açıqlamasında Prezident İlham Əliyevin Çinə dövlət səfərini Azərbaycan-Çin münasibətlərində strateji dönüş nöqtəsi kimi qiymətləndirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri dəyişən qlobal güc dinamikası və yenidən formalaşan geosiyasi mənzərə fonunda Azərbaycan-Çin münasibətlərində əhəmiyyətli dönüş nöqtəsi oldu. Səfər çərçivəsində imzalanan “Əhatəli Strateji Tərəfdaşlıq Münasibətlərinin Qurulması Haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrin yeni mərhələyə keçdiyini təsdiqlədi və Azərbaycanın Avrasiya məkanında yüksələn geosiyasi mərkəz kimi rolunu möhkəmləndirdi. Çinin diplomatik lüğətində “əhatəli strateji tərəfdaşlıq” anlayışı yalnız yüksək səviyyədə etimad və çoxtərəfli əməkdaşlıq çərçivəsində qəbul olunan ölkələrə şamil olunur. Bu status Azərbaycanın Çinlə münasibətlərində yeni səhifə açaraq, əməkdaşlığı yalnız iqtisadi sahələrlə məhdudlaşdırmır, eyni zamanda enerji, təhlükəsizlik, infrastruktur, rəqəmsal iqtisadiyyat, mədəniyyət və texnologiya sahələrini də əhatə edir”, - deyə Vüsal Quliyev qeyd edib.
Çinlə multimodal daşımalar və iqtisadi əməkdaşlıq
Politoloqun fikrincə, səfər çərçivəsində imzalanan “Beynəlxalq multimodal daşımalar haqqında” saziş və Transxəzər ekspress marşrutlarının birgə inkişafına dair razılaşma Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirməyə xidmət edəcək: “Rusiya üzərindən keçən Şimal Dəhlizi sanksiyalarla üzləşdiyi bir şəraitdə Azərbaycan Çini Avropa ilə birləşdirən etibarlı tranzit mərkəzə çevriləcək. Eyni zamanda, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və sənaye kimi sahələrdə əməkdaşlıq genişlənir. Yaşıl texnologiyalarda Çinin qabaqcıl təcrübəsi Azərbaycanın iqtisadi diversifikasiya və enerji keçidi siyasətinə mühüm dəstək verəcək. İki ölkə arasında investisiya əməkdaşlığı üzrə İşçi Qrupunun yaradılması isə bu sahədə institusional əsasları möhkəmləndirəcək. Bundan əlavə, turizm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə dair əldə olunmuş razılaşmalar da xalqlararası təmasları və yumşaq güc əlaqələrini gücləndirməyə xidmət edəcək”.