

Biz Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın səfərini çox müsbət qarşılayırıq. Hesab edirik ki, bu, Aİ ilə münasibətlərin mövcud durumu və gələcək perspektivləri baxımından çox önəmli imkandır.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan və Aİ arasında münasibətləri tənzimləyən sənədlərin hüquqi əsası 90-cı illərdə qoyulub: “2017-ci ildən yeni hərtərəfli saziş üzrə danışıqlara başlanılıb. Sazişi əhatə edən məsələlər üzrə 90% razılıq əldə edilib. Bir sıra mövzular isə açıq qalıb. Qarşılıqlı razılaşma ondan ibarət oldu ki, saziş üzrə açıq qalan mövzuların tamamlanması üzrə hər iki tərəf əməli addımlar atacaq”.