

27 Aprel 17:45
26 Aprel 18:40
“Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfrans işə başlayıb. Konfransa 116 ölkədən 200 nəfərə yaxın nümayəndə qatılıb. İki gün davam edəcək konfransda Qlobal Cənub QHT Platformasının təsis olunacağı gözlənilir. Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini əhatə edən nəhəng bir hərəkat Azərbaycan QHT-lərinin təşəbbüsü ilə yaradılır. Son illər Azərbaycan Milli QHT Forumunun təşəbbüsü və öncüllüyü ilə Azərbaycan QHT-lərinin ciddi beynəlxalq əlaqələri yaranıb. Azərbaycan vətəndaş cəmiyyətində keyfiyyət dəyişikliyi müşahidə edilir. Peşəkar, ciddi xarici əlaqələri olan, ümummili və qlobal problemləri beynəlxalq platformalara daşıya bilən bir vətəndaş cəmiyyəti formalaşmaqdadır. Qlobal Cənub QHT Platformasının da təsis olunması Azərbaycan QHT-lərinin uğuru kimi qiymətləndirilə bilər”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
E.Cəfərli qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında fəallığı ilə yadda qaldı, QHT-lərimiz qlobal iqlim dəyişikliyinin yumşaldılması ilə bağlı beynəlxalq müzakirələrə qatıldı: “Əslində Qlobal Cənub QHT Platformasının yaradılması ideyası da COP29 çərçivəsində keçirilən toplantılarda ortaya çıxmışdı. Bu niyyət 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda bəyan olunmuşdu. O zaman bu ideya beynəlxalq təşkilatlar tərəfindən dəstək qazandı, 140-a yaxın ölkənin QHT-ləri ideyanı müdafiə etdi. 2 gün davam edəcək “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı Azərbaycan QHT-ləri üçün yeni bir mərhələnin başlanğıcıdır. Bu, ilk addımdır. Yəqin ki, yaxın gələcəkdə beynəlxalq aləmdə tanınan, sözü eşidilən QHT-lərimiz ortaya çıxacaq”.
Röya İsrafilova