

“Azərbaycan xarici siyasət doktorinasında balanslaşdırılmış siyasət həyata keçirməkdədir. Eyni zamanda, qonşularla dinc yaşama prinsipinə əməl edir və bunu da beynəlxalq hüquq müstəvisində həyata keçirməkdədir. Ümumilikdə, Azərbaycan bütün qonşularla münasibətini yüksək səviyyədə qurmaqdadır. O cümlədən Ermənistanla da sülh sazişinin imzalanmasında maraqlıdır. İran bizim əzəli və əbədi qonşumuzdur. İranda 50 milyona yaxın soydaşımız var”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib.
Ekspert əlavə edib ki, İran Prezidentinin Azəbaycana gəlməsi iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olmasına dəlalət edir və iki dövlət arasında qarşılıqlı faydalanmaq, həmçinin iqtisadi və siyasi münasibətləri inkişaf etdirmək anlamı yaradır: “Ümumən, İran Azərbaycanla münasibətini yaxşılaşdırmaqda maraqlıdır. Ona görə ki, İran blokadaya məruz qalan, dünya bazarından təcrid olunmuş dövlətdir. Bu baxımdan Azərbaycanla İranın münasibətinin yaxşı olması İranın Türkiyə ilə münasibətinin yaxşı olması deməkdir. Ona görə ki, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik var. Azərbaycana qarşı olan təzyiq, qərəzli davranış Türkiyəyə olan təzyiq kimi anlam yaradır”.
A.Məsiyev İran və Azərbaycan münasibətlərinin yaxşı olmasının region üçün də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Ona görə ki, Şimal-Cənub dəmir yolu xəttinin açılması, eyni zamanda, Rusiyadan İrana qaz kəmərinin çəkilməsi layihələri var. Həmçinin Araz dəhlizinin açılması İran üçün vacib məsələdir. Ümumilikdə İran Prezidentinin Azərbaycana səfəri iki dövlət arasında münasibətlərin yaxşı olmasına hesablanmış bir addımdır. İran daxilində bəzi siyasətçilər iki dövlət arasında münasibətlərin korlanmasına dəlalət edən bəzi avantürist bəyanatlar verir. Hesab edirəm ki, hansısa bir anlaşılmazlıq baş verirsə, buna da bir aydınlıq gətirilməlidir. İran Azərbaycan münasibətlərinin yaxşılaşması iki dövlətin dövlət və milli maraqlarına xidmət edir. Eyni zamanda, Azərbaycan Prezidentinin təklif etdiyi 3+3 formatının həyata keçirilməsində İranın da maraqları var. Hesab edirəm ki, bu səfər müxtəlif platformalarda, sahələrdə münasibətlərin yaxşılaşdırılmasına doğru atılan bir addım olacaq”.
Röya İsrafilova