

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bundan sonra da həm Qlobal Cənub, həm də Azərbaycanın yerli qeyri-hökumət təşkilatları ilə bu formatda əlaqələri davam etdirəcək.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
O, təmsil etdiyi agentliyin Qlobal Cənub QHT-lərinə dəstəyi davam etdirəcəyini söyləyib:
"Tədbir maraqlı müzakirələrlə yadda qaldı. Qlobal Cənub QHT-ləri iqlim dəyişiklikləri ilə mübarizədə QHT-lərin rolu, D-8 formatında QHT-lərin görüşü, eyni zamanda, feyk xəbərlərlə mübarizə mövzularında müzakirələr aparıldı. Artıq müzakirələrin son günündəyik. Bu gün ikitərəfli əməkdaşlıq memorandumları da imzalandı. Agentlik Çin və Özbəkistan QHT-ləri ilə Azərbaycanın digər yerli QHT-ləri isə yeddi xarici QHT ilə anlaşma memorandumları imzalandı. Agentlik növbəti qrant müsabiqələrində Qlobal Cənubda fəaliyyət göstərən QHT-nin də təşəbbüs və ideyalarının dəstəklənməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirəcək. İnanıram ki, yaradılan platforma öz faydalı nəticələrini verəcək və Qlobal Cənubda təmsil olunan yüz milyonlarla insanın BMT-də daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlarda səsinə çevriləcək".
Agentliyin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinə də toxunub: "Bu müraciət həm Azərbaycanın Qoşulmama Hərəkatına layiqli sədrliyinin davamı, həm də Azərbaycan vətəndaş cəmiyyətinə ölkə prezidentinin etimadı və inamı kimi qiymətləndirilməlidir".