

Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin Azərbaycanda aparılan bəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəmə qərarları ilə bağlı səsləndirdiyi qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatını qətiyyətlə rədd edirik. Sözügedən bəyanat Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə davam edən müdaxilə istiqamətində növbəti uğursuz cəhddir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə AŞ-ın insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin bəyanatını şərh edərkən bildirib.
"Milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarına təminat verilir və onlara tam hörmət edilir. Bununla yanaşı, sözügedən hüquq və azadlıqlar Azərbaycanın öz vəzifələrini yerinə yetirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən köklü məhkəmə institutları tərəfindən qorunur.
Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə verdiyi təminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlar vermir, habelə onları ölkə qanunlarının tələblərinə əməl etməkdən azad etmir. Eyni zamanda, insan hüquqları üzrə komissarın bəyanatında adıçəkilən şəxslərə qarşı müvafiq qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlı ittiham irəli sürülüb, cinayət-prosessual məcəlləyə ciddi riayət edilməklə müvafiq araşdırmalar aparılıb, onların məhkəmə qarşısında bütün hüquqları tam təmin edilib.
Biz Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə, əvəzində isə diqqəti bir sıra digər AŞ ölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı sistematik problemlərə, artan İslamafobiyaya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə, həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarında geniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırırıq", - A.Hacızadə qeyd edib.