Azərbaycan prezidenti İlham Əliyev Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanı qəbul edib.
Dövlət başçısı Pyer Alen Rafanı Fransa parlamentinə seçilməsi münasibətilə təbrik edib və onun Fransa-Azərbaycan dostluq qrupunun rəhbərlik etməsindən məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Pyer Alen Rafanın Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. İkitərəfli münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, Fransa-Azərbaycan əlaqələri bu gün çox yüksək səviyyədədir və siyasi, iqtisadi, energetika, infrastruktur sahələrində əməkdaşlığımız yaxşı nəticələr verir.
Prezident İlham Əliyev bir çox fransız şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyət göstərməsinin önəmini vurğulayıb.
Dövlət başçısı, eyni zamanda, bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də öz rolunu oynayır: "Lakin erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycanla və Dağlıq Qarabağla bağlı uydurma və yalan məlumatlar yayır, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir və münaqişənin ədalətli həllinə mane olmağa çalışır".
İkitərəfli əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu deyən prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə daha da güclənəcəyini əminliklə qeyd edib.
Fransa Milli Assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan isə Bakıda prezident İlham Əliyevlə görüşdən böyük şərəf duyduğunu və Fransa-Azərbaycan dostluq qrupuna rəhbərlik etməkdən fərəh hissi keçirdiyini bildirib: "Bizim hamımızın, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun arzusu budur ki, Fransa-Azərbaycan münasibətləri bundan sonra daha da yüksək səviyyəyə qalxsın". O, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcəkdə də çalışmağın zəruriliyini qeyd edib.
Pyer Alen Rafan Azərbaycan haqqında reallıqların Fransa cəmiyyətinə olduğu kimi çatdırılmasının vacibliyini də vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Pyer Alen Rafan bildirib ki, Fransa münaqişənin həlli ilə bağlı mövcud olan qətnamələrə sadiqdir.
Görüşdə ölkələrimiz arasında kosmik sənaye, inşaat, nəqliyyat, su təsərrüfatı, metro, dəmir yolu, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.