“Cəbhədə lokal döyüşlər başlaya bilər” Siyasət

“Cəbhədə lokal döyüşlər başlaya bilər”

"Qarabağda müharibə hələ qurtarmayıb. Lokal döyüşlər hər an başlaya bilər".
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov belə deyir.
Ekspertin qənaətinə görə, Ermənistanın işğalçı qüvvələri ilə müharibə şəraitində yaşadığımızı unutmamalıyıq: "Atəşkəs hər gün pozulur. Ermənilərin təxribatını hər zaman gözləmək olar. Bunu hansısa fəsillə bağlamaq olmaz. Azərbaycan ordusunun gücü düşmənin istənilən təxribatının qarşısını almağa imkan verir. Belə hallarla bağlı çox misal gətirmək olar. Bir neçə dəfə düşmənin təxribat cəhdlərinin qarşısını alınıb. Burada helikopterin, müəyyən texnikaların və uçan aparatların vurulması faktı qeydə alınıb. Canlanma olan nöqtələr daim susdurulub. Ümumilikdə isə Azərbaycan odrusunun müdafiə xətti daim düşmənin təxribatlarının qarşısını almağa hazırdır".
Şair Ramaldanov əlavə edib ki, Qarabağda hər an istər lokal, istərsə də böyük müharibə ola bilər: "Müqayisə üçün baxsaq, görərik ki, hərb variantı daha çox üstünlük təşkil edir. Çünki bizim üçün başqa çıxış yolu qoymurlar. Ali baş komandan İlham Əliyev daim diqqətə çatdırıb ki, Azərbaycan güc yolu ilə də olsa torpaqlarını işğaldan azad edəcək. Ermənilər təxribata cəhd edərsə, bu, onlar üçün son olacaq. Ordumuz hər an üzərinə düşən tapşırığı yerinə yetirməyə hazırdır".
Ağdam istiqamətində düşmənin keçirdiyi təlimlərə gəlincə, hərbi ekspert qeyd edib ki, onların həmin ərazidə səhra poliqonları var və orada plana uyğun olaraq təlim keçirlər.