Ermənilər Bakıya gəlsin, gəlməsin? Siyasət

Ermənilər Bakıya gəlsin, gəlməsin?

İmdad Həsənli: "Azərbaycanın beynəlxalq imici var, tez-tez Bakıda beynəlxalq tədbirlər keçirilir"
Akif Hağı: "Bizim ermənilərin bura gəlməsi ilə razılaşmağımız rəzalətdir"
İlkin Ağayev: "Ermənilərin bizim deputatlara qarşı etdiyi hərəkət onların səviyyəsini ortaya qoyur"

Erməni deputatlar Bakıya gələrək Bakıda keçiriləcək NATO-nun "Rose Roth" seminarında iştirak etmək istəyirlər. Bu barədə Ermənistanın NATO-dakı erməni nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan deyib. Naqapetyan bildirib ki, erməni nemayəndə heyəti rəsmi Bakının təhlükəsizliyə zəmanət verəcəyi təqdirdə paytaxtımıza gəlmək istəyir. Deputat növbəti il seminarın İrəvanda keçirilməsini təklif etmək fikrində olduqlarını da bildiriblər.
Qeyd edək ki, "Rose Roth" seminarı 1990-cı ildən keçirilir.
Qeyd edək ki, ermənilərin Bakıya səfərinə münasibət birmənalı deyil.
NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Siyavuş Novruzov bildirib ki, Bakıda keçiriləcək "Rose Roth" seminarında NATO üzvləri və bu təşkilata assosiativ üzv olan bütün dövlətlər dəvətlidir. O bildirib ki, Azərbaycan öz tərəfindən bütün dövlətlərin həmin tədbirdə iştirakına təminat verir. Siyavuş Novruzovun sözlərinə görə, Ermənistan NATO PA-nın assosiativ üzvü olduğundan Bakıda keçiriləcək tədbirdə iştirak edə bilərlər: "Tədbirə onlar da dəvətlidir. İştirak edib-etməmələri isə artıq onların özü və NATO Parlament Assambleyasının rəhbərliyi tərəfindən müəyyən olunacaq".
Millət vəkili Elman Məmmədov isə bunun əleyhinə olduğunu söyləyib: "Məsələ barədə əvvəllər də münasibət bildirmişəm. Hazırda da həmin mövqeyimdəyəm. Ola bilər, kimlərsə desin ki, beynəlxalq tədbirdi, normal yanaşılmalıdı. Bəziləri deyir ki, qoyun, gəlib-getsinlər, qurub-yaratdıqlarımıza baxıb, partlasınlar. Hər kəsin öz fikri var. Amma mən qəbul etmirəm. Müharibə vəziyyətindəyik. Ermənilər tarixi düşmənimiz kimi, son 200-300 ildə ərazilərimizi işğal ediblər. Son 23-24 il ərzində də Azərbaycan torpaqlarının 20 faizi işğaldadır. 1 milyondan artıq insanımız qaçqın-köçkün düşüb. Bu necə düşmənçilikdir ki, biri Ermənistana gedir, biri də ordan bura gəlir? Qəbulolmazdır". Millət vəkili qeyd edib ki, düşmənlə düşmən kimi rəftar etmək lazımdır: "Adam kişi kimi düşmənçilik edər. Düşmənin evimdə nə işi var? Onlarla nə söhbət etmək olar? Bu gediş-gəlişə etiraz edirəm. Yurdundan-yuvasından didərgin düşmüş, soyqırıma məruz qalmış vətəndaş kimi belə şeyləri absurd sayıram".
Ümumiyyətlə onlara qarşı münasibət necə olacaq? Vaxtilə Ermənistanda Azərbaycan deputatlarına qarşı edilən hərəkəti ermənilərə xatırlatmnaq lazımdırmı?
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirdi ki, erməni deputatların Bakıya gəlişinə heç bir aqresiv reaksiya vermək lazim deyil: "Bizim ərazi bütövlüyümüz təmin olunandan sonra Azərbaycanın erməni vətəndaşları da bu ölkədə yaşayacaq. Biz dünyaya sülhpərvər millət olduğumuzu göstərməliyik. Azərbaycanda xeyli sayda etnik qruplar və xalqlar yaşayır, onlar da bu ölkənin vətəndaşıdırlar. Sabah Qarabağ problemi həll olunandan sonra ermənilər də bu ölkədə digər xalqlar kimi sülh və əminamanlıq şəraitində yaşayacaqlar. Ermənilərin hansı mövqe sərgiləmələrindən aslı olmayaraq biz böyük xalq olduğumuzu göstərməliyik".
Jurnalist İmdad Həsənli diqqətə çatdırdı ki, dövlət idarəçiliyinin və dövlətlərarası münasibətlərin yazılmamış qanunlarından biri də heç nəyin cavabsız qalmaması ilə bağlıdır: "Əgər hər hansı ölkə digərinin mənafeyinə toxunan, zərbə vuran, aşağılayan yaxud müsbət xarakterli bir addım atırsa, qarşı tərəf də buna mütləq eyni formada cavab verir. Son zamanlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlər buna bariz nümunədir. Ermənilər Azərbaycan ordusunun əsgərini şəhid edirlər, Azərbaycan da buna erməni əsgərini öldürməklə cavab verir, bəzi hallarda qisas daha amansız olur. Bu bütün dünyada belədir. Əgər dövlət birbaşa onun mənafeyinə toxunun addıma cavab verməsə, onda heç kim ona hörmət qoymaq, dövlət kimi qəbul etməz. Ermənilər İrəvanda azərbaycanlı deputatlara qarşı kobudluq ediblər, beynəlxalq qanunları pozublar. İndi sual ortaya çıxır: Bakıya gələcək erməni deputatlarla necə davranaq? Çünki ermənilərin hərəkəti Azərbaycan dövlətinin mənafeyinə toxunan addım idi. İndi dövlətimizin imic və mənafeyi düşmənə eyni formada cavab verməyi tələb edir. Amma digər tərəfdən Azərbaycanın beynəlxalq imici var, tez-tez Bakıda beynəlxalq tədbirlər keçirilir. Dünyanın hər yerindən bura gəlirlər. 2015-ci ildə Avropa Olipmiya oyunlarına ev sahibliyi edəcəyik. Təbii ki, bunu gözü götürməyən, həzm edə bilməyən dövlətlər, qüvvələr var. Ona görə də erməni deputatlarla necə davranmaq məsələsində diqqətli olmalıyıq.
Onlara vuracağımız bir sillənin, yaxud hava limanının polisində, qapalı yerində bir neçə saat saxlamağımızın bizə fayda və ziyanı haqda ciddi düşünməliyik. Hesab edirəm ki, onlara bir sillə vurmaq, yaxud polisə aparıb orada bir neçə saat saxlamaq bizə elə də fayda verməz. Azərbaycan hər fürsətdə özünün dözümlülük və mədəniyyətini hamıya göstərməldir".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu cür səfərlərin indiki mərhələdə yolverilməz olduğunu vurğulayıb: "Ermənilərin istər NATO, istərsə də digər beynəlxalq təşkilatların xətti ilə Azərbaycana səfəri yolverilməzdir. QAT bu barədə mövqeyini hər zaman bildirib və bu gün də bildirir. Ermənilərin müxtəlif təşkilatların xətti ilə Bakıya gəlmək cəhdi erməni siyasətidir. Kim ermənilərin gəlişinə şərait yaradırsa, deməli erməni siyasətinə xidmət edir. Azərbaycan və Ermənistan arasında müharibə qurtarmayıb. Müharibə davam edirsə, ermənilərin Bakıya səfəri düzgün deyil".
Akif Nağı deyib ki, erməni deputatların Bakıya gəlməsinə qarşıdırlar: "Heç bir halda ermənilərin hər hansı bir nümayəndəsi burada bir tədbirdə belə iştirak edə bilməz. Xüsusilə də NATO-nun keçirdiyi tədbirlər dolayısı və ya birbaşa olaraq hərb ilə bağlıdır. Buna görə də heç bir halda mümkün deyil. Hansı müzakirələrdən söhbət gedə bilər? Erməni hansı mövqeyindən geri çəkilib ki, gəlib burada nə isə müzakirə etsin? Onların nümayəndələri həyasızcasına deyib ki, Bakıda snayperlərin geri çəkilməsi məsələsini qaldıracaqlar. Snayperlər nə üçün o ərazidə yerləşib? Hər iki tərəf Azərbaycan torpaqlarıdır. ermənilərin də, snayperlərin olduğu ərazi də. Soruşmaq lazımdır ki, siz hansı haqla gəlib o torpaqda oturmusuz ki, snayperlərin geri çəkilməsini tələb edəsiniz? Bu qədər həyasız mövqedən çıxış etdiyi halda beynəlxalq təşkilatlar reaksiya vermirsə, Azərbaycan tərəfi öz mövqeyini ortaya qoymalıdır. Bizim ermənilərin bura gəlməsi ilə razılaşmağımız rəzalətdir. Rədd olsun o beynəlxalq təşkilat ki, onun xatirinə Azərbaycan belə bir rəzalətlə razılaşır. Mən istəmirəm, keçirilməsin o tədbir. Bizim mövqeyimiz belədir". Akif Nağı əlavə edib ki, ermənilərin Bakıya səfəri zamanı etiraz aksiyası keçirəcəklər: "Biz buna etiraz edəcəyik. O tədbirin dağıdılması və ermənilərin Bakıdan rədd olub getməsi üçün əlimizdən gələni edəcəyik. Bu gün idarə heyətinin iclasında etirazımızın formaları haqda qərar verəcəyik. Amma istənilən halda etiraz aksiyası keçirəcəyik".
Jurnalist İlkin Ağayev isə dedi ki, onların bu tədbirə gəlişi normalara uyğundursa və rəsmi razılıq əsasında baş tutursa buna dözümlü yanaşmaq lazımdır: "Ermənilərin bizim deputatlara qarşı etdiyi hərəkət onların səviyyəsini və nə dərəcədə "sivil" olduqlarını ortaya qoyur. Azərbaycan isə daim tolerantlığı və və müasir zamanda beynəlxalq tədbirlərin kecçirildiyi bir dünya mərkəzi olması ilə tanınır. Bu baxımdan biz barbar ermənilərə tay ola bilmərik.
Amma eyni zamanda media mənsublarının erməni deputatlara verməli olduqları çox suallar var".

Əli