Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, C.Çiçək Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.
O, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması haqqında qəbul olunan qərarın önəmini qeyd edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat, birgə layihələr və digər istiqamətlərdə əməkdaşlığımızın yüksək səviyyədə olduğu bildirilib, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı zamanı dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyəti vurğulanıb, ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək vermələrinin önəmi qeyd olunub.
Prezident İlham Əliyev Qazaxıstan parlamenti Məclisinin sədri Kabibulla Djakupovun və Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətlərini də qəbul edib. Görüşlərdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq qeyd olunub.