“Büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib” Siyasət

“Büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib”

Mikayıl Cabbarov: "2018-ci ildə əsas hədəfimiz qanunvericilik çərçivəsində tədbirlərin yerinə yetirilməsidir"

Milli Məclisinin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 24 məsələ daxil edilib.
Millət vəkilləri daha çox "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini müzakirə ediblər.
Qanun layihəsi haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bildirib ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il icra haqqında məsələni müzakirə edir: "2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq sübut edir ki, iqtisadiyyatımızda müsbət meyillər güclənir. Sosial proqramların icrasında maliyyə problemi olmayıb. Bu da 2018-ci il dövlət büdcəsinin daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb. Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar güclənir. 2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib".
Ziyad Səmədzadə qeyd edib ki, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və müvafiq hesabat "Büdcə sistemi haqqında" Qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb: "Hesabat Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir".
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, "2017-ci ilin sonuna Azərbaycanın ümumi dövlət borcu 17 milyard manat, adambaşına borc isə 1 718,3 manat təşkil edib. Palata sədri bildirib ki, ümumi borcun 93,9% i xarici borcların payına düşür.
Vüqar Gülməmmədov bildirib ki, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub, 7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib: "Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb.
Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər azalıb, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları isə artıb. Əvvəlki illə müqayisədə yerli və mərkəzləşdirilmiş gəlirlərdə azalma olsa da, proqnoza qarşı mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər isə artıqlaması ilə təmin olunub".
Deputat Tahir Mirkişili dövlət büdcəsinin gəlir və xərc hissəsində şəffaflığın artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda "Elektron Büdcə" sistemini yaradılmasını təklif edib. Deputat bildirib ki, gəlir və xərclərin bütün marşrutuna nəzarət edə biləcək bir innovativ sistemin yaradılması gələcəkdə büdcə vəsaitlərinin daha effektiv xərclənməsinə və nəzarət inzibatçılığının daha effektiv həyata keçirilməsinə imkan yaradacaq: "Elektron Büdcə" – dövlət orqanlarının, büdcədənkənar fondların idarə edilməsini həyata keçirən orqanların, yerli idarəetmə orqanlarının və bələdiyyələrin fəaliyyətində şəffaflığı və hesabatlılığı təmin edən sistemdir. Həmçinin, vahid informasiya məkanının yaradılması və dövlət və bələdiyyə idaerəetməsində İKT-dən geniş istifadə hesabına maliyyə idarəetməsini keyfiyyətinin artırılmasına nail ola bilir".
Deputat Tahir Kərimli bildirib ki, Azərbaycanda tikinti sektorununda çalışanlar 8 saatdan çox işlədilirlər: "Onların 70-80 faizinə şənbə və bazar günləri də işlər gördürülür. Mən bunu öz gözümlə görümüşəm. Məsələn, Cümhuriyyətimizin 100 illik yubileyi zamanı gördüm ki, bir neçə tikinti sektorunda insanlar işlədilir". Deputat bildirib ki, Azərbaycanda tikinti sektorunda çalışan şəxslər istismar olunur: "Onlara qara mühasibatlıq tərtib olunur. İnsanların həyatı gedir. Bu çox çətin və ağır məsələdir. Bunu yoluna qoymaq lazımdır. Onların maaş məsələsinə baxılmalıdır. Kifayət qədər maaş verilməlidir ki, onlar əlavə iş saatına qalıb işləməsinlər".
Tahir Kərimli deyib ki, hamı təsdiq edir ki, ölkədə problemli kreditlərlə bağlı kifayət qədər məsələ var: "Hökumət bu məsələyə niyə 2017-ci ildə əncam çəkmədi? Həmçinin, 2018-ci ildə də bu problem gündəmə gətirilmir. Niyə? Bizdə işləyən şəxslər arasında ciddi maaş fərqi var. Həmişə insanlar nəyə ümid edirlərsə, ona da inanırlar. Onların da ümid yeri bizik. Biz onların ümidlərini artırmalıyıq".
Deputat Fazil Mustafa bildirib ki, fiziki şəxslərin vergiləri kəsirlə icra etməsi müəyyən səbəblə izah olunur: "Bunun əsas səbəbi sahibkarın vəziyyəti ilə bağlıdır". Deputat bildirib ki, bu problemin həlli üçün sahibkara dəstək olunmalıdır: "Yalnız bundan sonra istənilən səviyyədə vergi toplana bilər. Bu olmayanda vergi ödəmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bu gün bir sıra binalar sökülür, yerində tikilən binalarda sahibkara mülkiyyət sənədi verilmir. Yaxın gələcəkdə bu problemin nəticələri üzə çıxacaq. Nəticədə uduzan vətəndaş olacaq. Birinci növbədə islahatlar vətəndaşı nəzərə alınaraq aparılmalıdır. Hazırda pensiya fonduna ödənişlə bağlı qaydalar vətəndaşda fonda ödəniş etməkdə maraq yaratmır".
Deputat Qənirə Paşayeva vurğulayıb ki, müəllim olan, lakin əlillik dərəcəsi daşıyan insanlarla bağlı problem hələ də mövcud olaraq qalmaqdadır: "Müəllimliyi bitirdiyinə görə təbii ki, müəllim işləməlidir. Amma onların problemləri yerində sayır. Ona görə də bu məsələnin həlli yönündə Təhsil Nazirliyi ilə birgə müzakirələr keçirilsin".
Deputat Fəzail İbrahimli isə öz növbəsində hökumətdə yer almış yeni şəxsləri, o cümlədən deputat həmkarlarını köhnələrdən, "gözü çıxmış qardaşlarından" dərs çıxarmağa çağırıb: "Dünyanı biz qazla təmin edirik . Məsələn, seçildiyim Cəlilabadın Göytəpə şəhərinin iki küçəsi qazsızdır. Hökumətin ora qaz verməyə gücü çatmır? Bu hökumətdən nə qədər pul tələb edilir ki, 20 ildir ki, iki küçə qazsız qalıb. Burada boşluq var. O adamlardan istifadə olunur. Oranı nəhayət ki, qazla təmin etmək lazımdır. Belə olsa, mən də üzüağ seçicilərimlə görüşə bilərəm. 10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm".
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, illərdir ki, əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub: "Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır". Deputatın sözlərinə, elə şəxslər var ki, onların haqqı çatmasa da əlillik ala bilir: "Elələri də var ki, haqqı çatır, amma əlillik ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı- ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi gündəmə gələ bilər".
Siyavuş Novruzovun fikrincə, elə əlillər var ki, onlar işləyə bilərlər: "Əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv bir üzvü kimi fəaliyyətə cəlb etmək olar. Elə əlillər var ki, onlar oturaq şəkildə çalışa bilərlər". Azərbaycan qanunvericiliyinə görə, hər hansı təşkilat bağlandıqda orada ən son əlillər, müharibə veteranları işdən uzaqlaşdırılmalıdır. Bu insanların iş axtarması digərlərindən daha çətindir. Bu qanunda təsdiq olunsa da, bəzi strukturlar buna nəzarət etmirlər. Bu məsələ ciddi nəzarətdə olmalıdır. Deputat həmkarlarıma kifayət qədər şikayətlər gəlir. Aidiyyatı strukturlar buna ciddi nəzarət etməlidirlər ki, bu cür insanların hüquqları daim qorunsun".
Vergilər naziri Mikayıl Cabbarov isə bildirib ki, əas vəzifələri rəhbər tutaraq növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə çalışaraq, "kölgə iqtisadiyyatı"nın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirləri və bir sıra digər islahatlarla bağlı təklifləri artıq hazırlayıb hökumətə təqdim etmişik. Nazir qeyd edib ki, əsas hədəf vergi ödəyicilərinin, xüsusilə də kiçik və orta sahibkarlığın vergi yükünün azaldılıması, vergi inzibatçılığında bərabərliyin, şəffaflığın təmin olunmasıdır: "Ötən il ümumi gəlirlərinin artıqlaması ilə icra olunmasına baxmayaraq, büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib. 2018-ci ildə əsas hədəfimiz qanunvericilik çərçivəsində tədbirlərin yerinə yetirilməsidir".
Nazirin sözlərinə görə, mövcud vergi yükü və vergi mədəniyyəti arasında fərq qənaətbəxş hesab edilə bilməz: "Vergi mədəniyyəti həm vergi inzibatçılığı, həm də vergilərin könüllü ödənilməsi və bəyan edilməsidir. Dövlət başçısı tərəfindən qarşımızda qoyulan əsas tapşırıq sahibkarlar üçün vergi yükünün azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsidir. Növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə hesabatlılığın artırılmasını təmin edən tədbirləri və digər islahatları hazırlayıb təqdim etmişik. Çalışırıq ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə faydalı əməkdaşlıq edək. Qarşımızdakı əsas çağırışlar dövriyyələrin azaldılmasının qarşısının alınması, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsidir".
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı isə vitse spiker Ziyafət Əsgərov təkliflə çıxış edib: "Əlilliyin təyin olunması "ASAN Xidmət"ə verilsin". Vitse-spiker bildirib ki, illərdir ki, cəmiyyətdə əlilliyin təyin olunması ilə bağlı söz-söhbətlər gəzir: "Hesab edirəm ki, bu proses ASAN Xidmətə verilsin. Təbii ki, onların texniki imkanları buna yol verirsə. Bununla da bu məsələ ətrafında olan mübahisələr aradan qalxmış olar. Nazirliyin də canı bu məsələdən qutarsın. Hesab edirəm ki, bu həm dövlətimiz, həm də vətəndaşlarımız üçün faydalı olar"
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Torpaq icarəsi haqqında" qanun layihəsinə edilən dəyişikliklərlə bağlı məlumat verilib: "Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 255 min kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb". Komitə sədri bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu sahədə böyük işlər görüb və hazırda proses davam edir: "Həmçinin həmin torpaqlarda nələrin əkilməsi ilə bağlı təkliflər hazırlanıb. Onlar insanların istifadəsinə veriləcək. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu sahədə gördüyü işləri təqdirəlayiq hesab edirəm. Çünki həmin torpaqların yenidən dövriyyəyə qaytarılması kənd təsərrüfatı istehsalının artırılması deməkdir".
Qanun layihələri səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin yaz sessiyası mayın 31-də keçirilən plenar iclasla başa çatıb.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Milli Məclisin növbədənkənar iclasları keçiriləcək: "Bununla bağlı deputatlar tərəfindən müraciətlər olub".

Əli