ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri bəyanatlar veriblər Siyasət

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri  bəyanatlar veriblər

İyunun 5-də ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun (59 nəfər Konqres üzvü İşçi Qrupda təmsil olunur) həmsədrləri Stiv Kohen (Demokrat – Tennesi) və Bil Şuster (Respublikaçı – Pensilvaniya) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bəyanatlar veriblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, konqresmen Stiv Kohen Azərbaycanı 100 illik münasibətilə təbrik edərək bəyanatda bildirib ki, 28 may Azərbaycan xalqının 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyinin əldə edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinə 1920-ci ildə Sovet qoşunları tərəfindən son qoyulmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dünyada müsəlman çoxluğa malik ilk dünyəvi parlament demokratik respublika kimi formalaşmasının və prezident Vudro Vilson administrasiyası zamanında ABŞ tərəfindən diplomatik tanınmasının diqqətəlayiq olduğu bəyanatda vurğulanıb. Bəyanatda həmçinin xatırlanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə öz vətəndaşlarını universal seçki hüququ ilə təmin edib, bununla da qadınlara seçki hüququ verən ilk müsəlman dövlət kimi bərqərar olub. Daha sonra bəyanatda qeyd olunub ki, Sovet İttifaqı dağılan zaman, Azərbaycan, Parlamentinin Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə 1991-ci il 18 oktyabr tarixində öz müstəqilliyini bərpa edib.
Azərbaycanın qlobal enerji təhlükəsizliyinin artırılmasında əsas rol oynayan dövlət kimi formalaşdığı bəyanatda diqqətə çatdırılıb. Xəzər dənizindən başlamaqla Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya çəkilən Cənub Qaz Dəhlizinin yekunlaşması və Xəzər dənizindən Avropa bazarlarına təbii qazın həcminin çoxalması ilə Amerikanın əsas müttəfiqlərinin enerji təhlükəsizliyinin artacağı xüsusi vurğulanıb. Bəyanatda bununla yanaşı, Azərbaycanın İsrailin neft istehlakının təqribən 40 faizini qarşıladığı və İsraillə dost münasibətlərə malik olduğu bildirilib. Yəhudilərin heç bir əngəl olmadan 2500 ildir ki, Azərbaycanda yaşadığı, Azərbaycanın yəhudi icmasının sayının 12000 nəfər təşkil etdiyi qeyd olunub. Azərbaycanın, həmçinin Xristian icmasının da evi olduğu və ölkənin Avropa Parlamentitərəfindən dini tolerantlığa görə təqdir olunduğu barədə bəyanatda məlumat verilib.
Konqres üzvü Stiv Kohen diqqətə çatdırıb ki, Azərbaycan ABŞ-ın əsas qlobal təhlükəsizlik tərəfdaşıdır. NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının fəal üzvü kimi, Azərbaycan terrorizm əleyhinə mübarizə, nüvə silahlarının yayılmaması və narkotiklərlə mübarizə sahələrində ABŞ-la əməkdaşlıq edir. Azərbaycan qüvvələri əvvəl Kosovo və İraqda olduğu kimi, hal-hazırda Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan ABŞ və NATO-nun ölkə üzərindən əhəmiyyətli uçuşlarına və öz hava limanlarından ABŞ və NATO qüvvələrinin təminatı üçün istifadəsinə imkan yaradıb.Bəyanatın sonunda, 100 illik münasibətilə Azərbaycan xalqına təbriklər çatdırılıb, ABŞ və Azərbaycan arasında tərəfdaşlığın tərəqqi etməsi və hər iki xalqa xeyir gətirməsi arzu olunub.
ABŞ Konqresinin Azərbaycan üzrə İşçi qrupunun digər həmsədri Bil Şuster də eyni gündə bəyanatda çıxış edərək, Azərbaycan Respublikasını müstəqilliyinin 100 illiyi münasibətilə təbrik edib. Bəyanatda bildirilib ki, Azərbaycan 1918-ci ildə Rusiya imperiyasından ilk dəfə müstəqilliyini elan edəndən sonra, etnik mənsubiyyətindən, dinindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində bütün vətəndaş və siyasi hüquqları təmin edərək yeni dövlətlər üçün nümunə təşkil edib. ABŞ həm 1918-ci ildə, həm də Sovet ittifaqının nüfuzu zəifləyəndən sonra 1991-ci ildə qısa müddətdə Azərbaycanı tanıyıb və dəstəkləyib. O zamandan etibarən, Azərbaycanın ABŞ-ın müttəfiqi və tərəfdaşı olmaqda davam etdiyi, xüsusilə 11 sentyabr terror hücumlarından sonra hərtərəfli və qeyd-şərtsiz dəstək verən ilk ölkələr arasında olduğu bəyanatda diqqətə çatdırılıb. Azərbaycanın Əfqanıstanda terrorla qlobal mübarizə səylərini dəstəklədiyi, NATO təyyarələrinin Əfqanıstana hava məkanından istifadə etməklə uçuşuna və quru ərazisindən ölümcül olmayan yüklərin keçirilməsinə şərait yaratdığı qeyd olunub. Azərbaycanın İsraillə güclü əlaqələr yaratmış müsəlman çoxluğa sahib çox az ölkələrdən biri olduğu vurğulanıb. Bunun, yalnız ABŞ-la deyil, onun müttəfiqləri ilə də münasibətlərin saxlanmasını, Azərbaycanın davamlı şəkildə demokratik dövlətlərlə sadiq və yaxın dost münasibətlər üzrə öhdəliyini qorumasını nümayiş etdirdiyi bəyanatda vurğulanıb.
Bəyanatda qeyd edilənlərlə yanaşı, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində liderliyini davam etdirdiyi qeyd olunub. Yekunlaşandan sonra, Cənub Qaz Dəhlizinin Xəzər dənizinin təbii qaz ehtiyatlarının Avropa bazarına çıxmasına və İrandan yan keçməklə Avropa müttəfiqlərinin enerji ehtiyatlarının diversifikasiyasına imkan verəcəyi bildirilib. Bunun regionda enerji təhlükəsizliyinin təmin edilməsi və ABŞ, habelə onun müttəfiqlərinin qlobal ticarət imkanlarının artırılması üçün vacib olduğu diqqətə çatdırılıb. Bəyanatın sonunda, davamlı tərəfdaşlıq və dostluğa görə Azərbaycana təşəkkür bildirilib və Respublikanın 100 illiyi münasibətilə digər Konqres üzvləri təbriklərə qoşulmağa çağırılıb. Onu da qeyd edək ki, 5 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə səfirlik tərəfindən təşkil edilmiş rəsmi tədbirdə mindən yuxarı iştirakçı qarşısında çıxış edən Konqresmen Bil Şuster sözügedən bəyanatdakı məqamları bir daha diqqətə çatdırıb və ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə indiyə qədər ABŞ Konqresində Senatın bir üzvü, Nümayəndələr Palatasının isə 7 üzvü müvafiq bəyanatlar veriblər.