Mübariz Əhmədoğlu: "Bu məqsədlə 2 milyard dollar pul xərcləyib"
"İranın Milli Qaz Kompaniyasının direktoru Həmidrza Əraki il ərzində İranın Ermənistana nəql etdiyi qazın miqdarını gündə 1-dən 1,6 milyon kubmetrədək artırılacağını bildirdi. Bir az öncə onun beynəlxalq məsələlər üzrə müavini Behzad Babazadə yaxın vaxtlarda Ermənistan nümayəndə heyətinin Tehranda qazın qiymətini və qaz nəqlinin artırılması məsələlərini müzakirə edəcəyini anons etmişdi. Hələlik Ermənistan nümayəndə heyətinin İrana səfəri barədə xəbər yoxdur".
Bu sözləri politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq qeyd edib ki, B.Babazadənin və H.Ərakinin açıqlamalarında məzmun və ardıcıllıq diqqəti çəkir. Əvvəlcə B.Babazadə Ermənistan nümayəndə heyətinin gələn həftə Tehrana gələrək qaz qiymətini müzakirə edəcəyini anons etdi. Bir həftə keçmiş Ermənistan nümayəndə heyətinin getmədiyini görən H.Əraki özü şirnikləşdirici məzmunlu bəyanat verdi: "İranın qaz rəsmilərinin İranı aşağılayan təşəbbüskarlığının mahiyyətini başa düşmək çətindir. İranda sosial-iqtisadi vəziyyət problemlidir. Hətta 1000 dollar İranın daxili üçün zəruridir. Hər gün ən azı 20 min dollar pulu Ermənistana hədiyyə etmək əvəzinə bu pulu İranın daxilinə sərf etmək olar. İran 30 ilə yaxındır Ermənistanın xilası ilə məşğuldur. Bu məqsədlə 2 milyard dollar pul xərcləyib. İki il Ermənistan İranla normal rəqəmlərlə iqtisadi əməkdaşlıq etsə, İran müəyyən qədər vəsait qazana bilər. Ermənistanın İran qazından imtina etməli halı yoxdur. "Qaz əvəzinə elektrik enerjisi" layihəsi Ermənistan üçün alternativsizdir. Hətta İran 1 kubmetri 5 kvt-yə dəyişsə də Ermənistan imtina etməyəcək".
Politoloqun fikrincə, Ermənistanın qaz bazarı Rusiyanın tam monopoliyasındadır. Rusiya İranın Ermənistanın qaz bazarındakı davranışına hədsiz həssasdır. İran Ermənistana ucuz qaz verəcəyini açıqlayan kimi Rusiya Ermənistanın daxilində satdığı qazın qiymətində az təminatlı əhaliyə güzəştə getdi. "Qazprom-Armeniya" da payını 100 faizədək qaldırmaqla bağlı qərar qəbul etdi: "Qazprom" 2017-ci ilin dekabrında İranın pulu hesabına tikilmiş Mehri və Aqarak şəhərlərinin qaz şəbəkəsini öz tabeçiliyinə keçirdi. 4 il bundan öncə isə İran-Ermənistan qaz kəmərinin Ermənistanın daxilindəki 40 km-lik hissəsini tam özününküləşdirmişdi. İranın qaz rəhbərliyi, o cümlədən dini və siyasi rəhbərliyi bunları bilir. İran Ermənistanda təkcə itkiyə məruz qalmır, həm də Rusiyanı qıcıqlandırır. İndiki geosiyasi şəraitdə İranın qaz rəhbərliyinin Rusiyanı qıcıqlandıran addım atması İrandakı hakim rejim və ya İslami quruluş üçün çox baha başa gələ bilər".
M. Əhmədoğlu bildirib ki, İranın neft-qaz rəhbərliyinin belə davranışı bir çox prizmalardan dəyərləndirilməlidir: "İranın neft-qaz rəhbərliyi müsəlman torpağını işğal edən Ermənistana rəsmi Yerevanın heç bir müraciət etmədən yardım etməsi ali rəhbərin siyasətinin məntiqsizliyini gur işıqlandırır. İranın yüksək çinli dindarları və rəsmiləri bir neçə dəfə özləri bildiriblər ki, ali rəhbər Seyid Əli Xamneyi Qarabağı müsəlman torpağı hesab edir və o torpaq uğrunda ölənlərin şəhid hesab olunması barədə fətva verib. Beləliklə ali rəhbərin mövqeyini nəzərə almayan neft-qaz rəhbərliyi İran qazını Ermənistana ucuz qiymətə hədiyyə edir. İranın neft-qaz rəhbərliyi İslami quruluşa zidd yoldadır. İran reallığında bu çox mümkündür. İranın spesifikasına çox yaxşı bələd olan ingilislər hakimiyyətdə bəhailərin olmasına çalışırdılar. Bəhailik İranda çox geniş yayılıb. Ehtimal ki, İranın neft-qaz rəhbərliyi, o cümlədən İran XİN-də və ali rəhbərin ofisində olan bəzi şəxslər daimi olaraq Qərbi onların qoyduğu kursun yaşadığına inandırmaq istəyirlər".
Politoloq onu da deyib ki, İranın neft-qaz rəhbərliyinin Avropa dövlətləri ilə hazırladığı və imzaladığı bəzi müqavilələr İrana iqtisadi zərbə kimi dəyərləndirilməlidir: "Almaniya aldığı neftin əvəzini dəvə ilə ödəyir. İranın dəvəyə ehtiyacı varsa, bunu qat-qat ucuz qiymətə Ərəb qonşularından ala bilər. İranın antiAzərbaycançılığı yuxarıda deyilənlər kontekstindən aktuallığını müəyyən qədər itirir. Başqa sözlə, İranın Ermənistan üzrə siyasətində ali rəhbərə yaxın bəzi şəxslərin Ali rəhbərlik uğrunda qaydasız döyüşə başladığını güman etmək olar. Bu şəxslər həm bəhailik, həm də bəhaliyin qardaşlıq təbliğ etdiyi xristianlıqdan istifadə etmək istəyirlər".