Azərbaycanın geosiyasəti Siyasət

Azərbaycanın geosiyasəti

Cənub Qafqaz regionu enerji dəhlizi kimi, Avropanın enerji sahəsinin effektliyi baxımından çox vacibdir. Doğrudur, Avropa qitəsinin əslində "Cənub Qaz Dəhlizi"nin təklif etdiyindən daha çoxuna ehtiyacı var. Amma bu layihə Avropanın Rusiya qazından asılılığını bir qədər də olsa, azaldacaq.
Gürcüstan həyati əhəmiyyət kəsb edən tranzit marşrutda həlledici rola malikdir. Lakin bəzən unuduruq ki, bu zəngin enerji resurslarının mənbəyi Gürcüstan yox, Azərbaycandır. Böyük qonşularla "geosiyasi hesablaşmalar"da mərkəzi rolu məhz Bakı oynayır.
WorldMedia "Georgia Today"ə (Gürcüstan) istinadən yazır ki, Azərbaycanın unikal coğraji mövqeyi var. Çünki bu ölkə Rusiya ilə İranı birləşdirən ən qısa və hətta yeganə (Mərkəzi Asiyadan keçən uzun marşrutu çıxmaq şərtilə) yoldur. Bununla yanaşı, Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik olduğundan, Tehranla Moskva burada nüfuz mübarizəsi də aparır. Çünki Azərbaycana geosiyasi baxımdan təsir imkanları qazanmaq Cənubi Qafqazın enerji dəhlizinə nəzarətin başlanğıcı anlamına gəlir.
Bununla yanaşı, Xəzər dənizinin bölünməsilə bağlı danışıqların sona çatmaq üzrə olduğunu nəzərə alsaq, Bakının mövqeyinin daha da möhkəmlənəcəyini söyləmək mümkündür. Bundan sonra Xəzər dənizi hövzəsində yerləşən ölkələr texniki cəhətdən müxtəlif kəmərlər çəkə biləcək. Bu layihələrdən biri də Transxəzər boru xəttidir. Reallaşdırılacağı təqdirdə, o da Azərbaycan və Gürcüstandan keçməklə Avropaya uzanacaq.
Rusiya Azərbaycanın şimalında, İransa cənubunda yerləşir. Məhz bu coğrafi mövqe Bakının xarici siyasətinin formalaşmasında hər zaman böyük rol oynayıb. Bakı üçün ideal vəziyyət şimal və cənub qonşuları arasında ziddiyyətin yaşanması olardı. Lakin Moskva ilə Tehranın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür. Doğrudur, onlar tarix boyu geosiyasi düşmən olublar. Çünki hər iki dövlət tarixən Cənubi Qafqaz regionunda nüfuzunu artırmağa çalışıb. Lakin 1991-ci ildə Sovet İttifaqının dağılması ilə, Moskva ilə Tehran Qərbin regiona iqtisadi, hərbi təsirinə, xüsusilə Azərbaycana təsirini artırmasına müqavimət göstərməyə başlayıb.
Bu gün İran Azərbaycan ərazisindən xarici qüvvələrin – İsrail və ya NATO-ya üzv ölkələr istifadə etməsini istəmir. Rusiyanın bir sıra xarici siyasi addımları onun da bu məsələdən narahat olduğunu göstərir. Bununla yanaşı, Tehranla Moskva hesab edirlər ki, Transxəzər layihəsinin həyata keçirilməsi də onların maraqlarına ziddir. Çünki onlar Avropanın neft-qaz bazarına can atır və Türkmənistan qazının bu qitəyə nəqlini istəmir.
Bakıya çətinlik yaradan başqa məqam da var – Dağlıq Qarabağ münaqişəsi. Ermənistanla Azərbaycan arasında münasibətlər bir neçə onillikdir davam edən Dağlıq Qarabağ münaqişəsi üzündən bu gün də qeyri-sabitdir. Vəziyyət hər an 2016-ci ilin aprelində olduğu kimi, açıq qarşıdurmaya çevrilə bilər.
Qarabağ probleminə ümumi şəkildə nəzər yetirsək, onun Azərbaycana hansı çətinlikləri yaratdığını görə bilərik. Bu problem Bakının xarici siyasətdə daha qətiyyətli addımlar atmasına mane olur və Rusiyanın ölkəyə təsir imkanlarını artırır. Çünki Azərbaycanın düşməni olan Ermənistan Kremlin yaxın müttəfiqidir.
Bu gün Azərbaycan bir çox sahələrdə Rusiya və İranla əməkdaşlıq edir. Onun Qərbə yeganə çıxışı isə Gürcüstandandır.
Beləliklə, aşkar və gizli düşmənlərin arasında yerləşən Azərbaycan geosiyasi tarazlığı tapmağa məcburdur. Gürcüstansa iqtisadi və ya hərbi sahədə bu cür davrana bilməz.
Azərbaycanın Türkiyəyə çıxışı da Gürcüstandandır. Türkiyə-Azərbaycan əlaqələri yüksəlişdədir. Ankara başa düşür ki, Bakı tamamilə Moskva və ya Tehranın təsirinə düşərsə, onun Cənubi Qafqazdakı enerji dəhlizinə çıxışı bağlanacaq, yaxud Xəzər dənizi hövzəsinə təsiri azalacaq. Odur ki, Türkiyə, Gürcüstan və Azərbaycanın hərbi, həmçinin iqtisadi əlaqələri gündən-günə güclənir.
Bir sözlə, Azərbaycanın xarici siyasəti əsasən onun coğrafi mövqeyilə əlaqəlidir. Bununla yanaşı, onun coğrafi mövqeyi ölkəyə iqtisadi mənfəət əldə etmək imkanı da verir. Bu gün Azərbaycan enerji mənbəyi olmaqla yanaşı, həm də enerji dəhlizlərinin başlanğıc nöqtəsidir.
Amma qeyd etdiyimiz kimi, bu coğrafi mövqenin yaratdığı problemlər də var: Rusiya ilə İranın hər zaman Azərbaycanla bağlı öz planları var. Uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsisə vəziyyəti daha da çətinləşdirir.