"Danışıqların nəticələri barədə nikbin danışmaq hələlik mümkün deyil". Tramp-Putin görüşünü şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli belə deyib. Onun sözlərinə görə, Putinin tarixi görüşə gecikməsi heç də təsadüf deyil: "Helsinkidə baş tutan görüşə Rusiya prezidenti Vladimir Putin 1 saatdan artıq gecikdi. Bu gecikmə çox şeylərdən xəbər verir. Hesab edirəm ki, Rusiya tərəfi ciddi kompromislərə, dünyada sülhün və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi məsələsinə o qədər də hazır deyil. Çünki Rusiya hələ də super dövlət səviyyəsinə qalxmaq və dünyanı çoxqütblü etmək uğrunda savaşını davam etdirir. Əksər siyasi müşahidəçilər belə hesab edir ki, Putini indiyə qədər yeritdiyi siyasətdən geri çevirmək və ya bu siyasətdən qismən də olasa geriyə çəkilməsi kimi nəticələrə varmaq çox çətin olacaq.
Donald Tramp isə beynəlxalq münasibətlərdə təcrübəli olmadığından danışıqlar prosesində Putinə təzyiq göstərmək və ya onu müəyyən məsələlərdə razı salmaq kimi diplomatik səy və məharəti hiss olunmurdu. Bu səbəbdən onların müzakirə mövzusu olan bir sıra məsələlərdə razılıq əldə olunmadı. Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov görüşün nəticələri barədə jurnalistlərə açıqlamasında ümumi danışdı. Daha doğrusu görüşü şərh etmək istəmədi və ümumi sözlərlə suallardan yayındı. Tramp isə ənənəvi olara görüş barədə optimistcəsinə danışdı. Bildirid ki, görüşün nəticəsi hamı üçün əlverişlidir. Belə qənaətə gəlmək mümkündür ki, tərəflər nə Suriya, nə Ukrayna, nə də tərki-silah problemləri barədə razılığa gələ biliblər. Sadəcə olaraq ümumi sözlərlə, bu istiqamətdə danışıqlar prosesinin davam etdirilməsi barədə razılığa gəlindi ifadəsi ilə prosesin uğursuzluğunu ört-basdır etməyə çalışdılar".
Danışıqların uğursuz olmasında hansı tərəfin günahkar olmasına gəlincə, politoloq Rusiyanın dialoqa tam hazır olmadığını vurğulayıb. "Rusiya tərkisilah problemlərində, xüsusilə yeni nəsil nüva silahlarının yaradılması, eləcə də döyüş texnikasının digər növlərinin yaradılması məsələsində demək olar ki, heç bir kompromisə getmədi, barışmazlıq nümayiş etdirdi. ABŞ-ın Suriya məsələsinin nizamlanmasında vahid mövqedən çıxış etmək təklifini Rusiya demək olar ki, geri çevirdi. ABŞ Suriyadan silahlı qüvvələrin çıxarılması, həm də Süriyada sülhyaratma məsələsində Astana prosesindən imtina edilməsini və bütün diqqətin Cenevrə proseslərinə yönləndilməsi barədə təklif verdi. Rusiya isə bununla razılaşmadı. Bildirdi ki, Astana prosesi davam etdiriləcək və Suriyadakı məsələlərdə aparıcı fikri Astana prosesi və orada qəbul edilən qərarlar təşkil etməlidir. Hesab edirəm ki, Cenevrə prosesi daha təsirli və səmərəli ola bilər. Amma Astana və Cenevrə prosesləri birləşdirilsəydi, hər iki tərəf hegemonluq niyətlərindən imtina edib, BMT-nin rəhbərliyi altında Suriya məsələsinin nizama salınmasında eyni hüquqla iştirak etsəydi, bu problemin daha tez həllinə gətirib çıxara bilərdi"- deyə Q.Hüseynli bildirib.
Politoloq əlavə edib ki, Ukrayna məsələsində görüşdə ABŞ tərəfi hücumçu mövqedə ola bilmədi: "Ukrayna məsələsində ABŞ-ın o qədər də inadkar mövqe tutmayacağını bilən Putin məsələnin müzakirəsini bir neçə kəlimə ilə başa vurdu. Faktiki olaraq Ukrayna məsələsi ətrafında ciddi fikir mübadiləsi aparılmadı. Bu məsələdə ABŞ tərəfi hücumçu mövqedə ola bilmədi. Ümumən Putin tərkisilah məsələlərindən tutmuş, regional, eləcə də münaqişəli yerlərdə Rusiyanın mövqeyinin sülhə yardım istiqamətinə çevrilməsi məsələlərində geri addım atmadı. Nəticə etibarı ilə 4 saata yaxın davam edən təkbətək və heyətlərarası görüşlər nəticəsiz bitti. Görüşün, dialoqun baş tutması müsbət hadisədir. Çünki tərəflər bir-birinin mövqeyini daha yaxşı anladılar. Eyni zamanda dialoq praktikasının davam etdirilməsi barədə razılığa gəldilər. Amma dünya iqtisadi böhranından tutmuş, dünyanın yenidən "soyuq müharibə" dövrünə qədəm qoyması və sürətlə silahlanma yarışının başlanması şəraitində keçən danışıqların uğursuz nəticələnməsini təəssüf hissi ilə vurğulamaq lazımdır".