Parisdə Azərbaycan prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub.
Milli Assambleyanın binasının önündə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Fransua de Rüji qarşılayıb. Dövlət başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident İlham Əliyev və Milli Assambleyanın sədri Fransua de Rüji birgə foto çəkdiriblər.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyevin Fransaya bu səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Dövlət başçısı Fransaya bu səfəri çərçivəsində bir çox şirkətlərin rəhbərləri ilə görüşlərini qeyd edib, Azərbaycan ilə Fransa arasındakı uğurlu əməkdaşlığın həmin şirkətlərlə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Fransanın 15 şəhərinin qardaşlaşdığını qeyd edib. Dövlət başçısı vurğulayıb ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir və regionlar arasındakı təmasların inkişaf etməsinə imkanlar açır.
Görüşdə, həmçinin Azərbaycan-Fransa əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından önəmi qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı, bu sahələrdə gələcək layihələrin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın Fransada daha geniş tanıdılması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb.