Ermənistanda Rusiya əleyhinə təbliğat güclənib Siyasət

Ermənistanda Rusiya əleyhinə təbliğat güclənib

Son illər Ermənistanda Rusiya əleyhinə təbliğat güclənib. Bu ilin aprelində ölkədə baş vermiş hakimiyyət dəyişikliyindən sonra rəsmi Yerevan bu yöndə addımlar da atmağa cəhd göstərir.
Şirak vilayətinin Panik kəndində baş vermiş hadisələrdən sonra Ermənistanda Rusiya əleyhinə kəskin bəyanatlar verilir. Həmin kənddə Rusiya hərbçiləri təlim zamanı xəbərdarlıq etmədən atəş açmışdılar. Ermənistan hökuməti özünü elə apardı ki, sanki rusiyalı əsgərlər bu ölkədə ilk dəfədir təlim keçirlər. Baş nazir Nikol Paşinyan Ermənistanın suveren hüquqlarının pozulmasından, günahkarların cəzalanmasından danışdı.
Ermənistanın müdafiə naziri David Tanoyan ölkəsinin cənub-qərb sərhəd məntəqələrinə baş çəkib, bir sıra döyüş-dayaq məntəqələrinə baxış keçirib, şəxsi heyətlə görüşüb. O, iyulun 22-də jurnalistlərlə söhbətində deyib ki, Rusiya sərhədçilərinin Ermənistanda dislokasiyası ilə bağlı razılaşmanın bir sıra maddələrinə yenidən baxılacağı istisna edilmir: "Bu, kitabəyə yazılmış qanun deyil. Zaman ötdükcə yaranmış problemlərlə bağlı hüquqi korrektəyə ehtiyac var. Bu addım atılacaq. Panikdəki hadisə buna stimul verə bilər".
Qeyd edək ki, Ermənistanla Türkiyə (uzunluğu 280 km) və İran arasında dövlət sərhədi (uzunluğu 42 km) keçmiş SSRİ-nin dövründə olduğu kimi qalıb. Rusiya sərhədçilərinin Ermənistanın dövlət sərhədlərini qoruması haqqında Moskva ilə Yerevan arasında 1992-ci il sentyabrın 30-da müqavilə imzalanıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhədyanı İdarəsinə Ermənistanda 4 sərhədyanı dəstə daxildir: Gümrü, Armavir, Artaşat və Meğri, eləcə də Yerevanın "Zvartnots" beynəlxalq hava limanındakı Nəzarət Buraxılış Məntəqəsinin əlahiddə bölməsi. Rusiyanın Ermənistanda 4,5 minə yaxın sərhədçisi xidmət edir.
Ermənistanın Türkiyə və İranla dövlət sərhədini Rusiya hərbçiləri qoruyursa, Azərbaycanla sərhəddə Ermənistan Müdafiə Nazirliyinin əsgərləri yerləşdirilib. Gürcüstanla dövlət sərhədinin isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları qoruyur.
Rusiyanın 102 saylı hərbi hissəsi 1992-ci il avqustunda imzalanan müqavilə əsasında yaradılıb. Bununla bağlı 1995-ci ildə iki dövlət arasında 25 illiyə imzalanan müqavilənin müddəti 2010-cu ildə 2044-cü ilədək uzadılıb. Ancaq Rusiya sərhədçilərinin Ermənistanın dövlət sərhədlərini müdafiə edəcəkləri son müddət hələ ki məlum deyil.
Hərbi sahədə bütövlükdə Moskvadan asılı vəziyyətdə olan Ermənistan NATO ilə də əməkdaşlıq edir. Müdafiə naziri David Tanoyanın rəsmi Yerevanla bu siyasi-hərbi alyans arasındakı əməkdaşlığına münasibəti təzadlıdır: "Biz əminik ki, NATO ilə Ermənistanın əməkdaşlığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiq öhdəliklərimizlə ziddiyyət təşkil etmir".
Ermənistanda müxtəlif siyasi təhlilçilər NATO ilə əməkdaşlığı vacib sayırlar. Onlar ehtimal edir ki, yaxın 10-20 ildə Ermənistan NATO-nun üzvü ola bilməyəcək.
Bəs nə baş verir? Yerevan Moskvanın təsirindən qaçır, yoxsa özünü belə göstərir? Yerevan Rusiya ilə münasibətlərində niyə "nala, mıxa vurur"?
Heç şübhəsiz Ermənistanın dövlət, yaxud müstəqil dövlət olması üçün ilk növbədə Rusiya hərbçiləri ölkəni tərk etməlidirlər. Başqa bir ölkənin ordusu orada yerləşirsə, ermənilərin "müstəqil dövlətimiz var" deyib, öyünməyə haqları çatmır.
Yeri gəlmişkən, bu il Rusiya ordusunun Azərbaycandan çıxmasının 25 il tamam oldu.
Ermənistan adlı müstəqil dövlətin faktiki olaraq mövcud olmadığını ermənilər də anlayır. Azad olmaq üçün ilk növbədə Rusiyanın təsir dairəsindən uzaqlaşmaq qaçılmazdır. Bu baxımdan indi Ermənistanda buna oxşar prosesə cəhd olunur. Rusiya 200 ilə yaxındır ermənilər üçün ağlagəlməz yaxşılıqlar edir, hətta onlara dövlət belə yaradıb. Bütün bunların əvəzini verməyə ermənilərin gücü çatmır. Ona görə də "nala mıxa vurub", özlərini bu istiqamətdə fəaliyyət göstərən fədakar siyasi xadimlər kimi aparırlar.
İstər sərhədin qoruması ilə bağlı müdafiə nazirinin dedikləri, istərsə də Gümrüdəki hərbi baza ətrafında gəzən-söz söhbət də bunun tərkib hissəsidir. Tanoyanın bəyanatına Ermənistan Müdafiə Nazirliyinin "aydınlıq" gətirən təkzibi də yuxarıda vurğuladıqlarımızı təsdiqləyir.
Nazirliyin mətbuat katibi Artsurun Ovannisyan bildirib ki, nazir Rusiya sərhədçilərinin Ermənistanda qalması müqaviləsinə yenidən baxılmasını nəzərdə tutmayıb. Onun sözlərinə görə, Tanoyan 102 saylı hərbi baza ilə bağlı texniki maddələrə əlavələrin edilməsini nəzərdə tuturmuş.
Bu təkzib Yerevanın Rusiya təsirindən uzaqlaşmaq üçün bəyanatla etdiyi çox cüzi cəhdlərdəndir. Əslində, bu təkzib Ermənistan ordusu və hərbçisinin başqa ölkədən asılılığını açıq-aşkar göstərir. Odur ki, Tanoyanın ifadəsinə nazirliyin "düzəlişi" "astarın üzdən baha" başa gəlməsinə oxşayır.
Beləliklə, Yerevanın Moskvadan asılılığını azaltmaq üçün daha bir cəhd uğursuz oldu. Onu da vurğulamaq lazımdır ki, Ermənistan rəsmiləri Rusiyadan uzaqlaşmaq üçün verdikləri bəyanatları bir gündən sonra təkzib edirlər. Odur ki, rəsmi Yerevanın yaxın illərdə bu istiqamətdə addım atmağa çətin cəsarəti çatsın. Ona görə, aprel hadisələrindən sonra Ermənistanın Rusiyanın təsir dairəsindən çıxacağını gözləyənlər məyus oldular. Həmin olayları "məxməri inqilab" kimi alqışlayıb, ona tərif yağdıranlar da peşmanlıq yaşayır. Ermənistanda hakimiyyəti çeviriblər. Nikol Paşiyan "Rossiya 24" telekanalına müsahibəsində Kremllə əvvəlki münasibəti saxlayacaqlarına işarə edərək bildirmişdi ki, Ermənistanın daxilində baş verənlərin xarici siyasətə heç bir aidiyyəti yoxdur: "Bizim xarici siyasət kursumuz dəyişməyəcək".
Ona görə də Paşinyan və komandası da Ermənistanda hakimiyyətdə olmuş əvvəlki qüvvələr kimi Rusiyanın çubuğu ilə oturub-duracaq. Müdafiə nazirinin "özündənrazı" bəyanatına əlüstü təkzib də bunu bir daha təsdiqləyir. Ermənistanın de-fakto dövlət olmasını istəyənlər, hələ bir müddət də gözləyəcəklər. Bu intizarın son müddəti isə məlum deyil.

Sədrəddin İsmayılov
Report