"Ermənistanın Rusiyadan aldığı 500 milyon dollar kreditin aqibəti məlum deyil".
Bunu Helsinki Vətəndaş Assambleyasının Yerevandakı ofisinin rəhbəri Artur Sakunts deyib.
Onun sözlərinə görə, rəsmi Yerevanın imzaladığı dövlətlərarası layihələrlə bağlı korrupsiya halları mövcuddur və problemli kreditlər də bunun nəticəsində yaranıb: "Keçmiş hakimiyyətin imzaladığı dövlətlərarası layihələr, xüsusən də Şimal-Cənub avtomobil yolunun tikintisinə, Dünya Bankının təhsil sahəsi ilə bağlı layihələrə ayrıdığı kreditlərin nəticəsi bəlli deyil. Hazırda istintaq xarici borcların qaynağını araşdırır".
O, Lins Fondunun Ermənistana qoyduğu sərmayənin aqibətinin də məlum olmadğını bildirib. Artur Sakunts "Hayastan" Ümimerməni Fondunun fəaliyyətindəki korrpusiya və mənumsəmə hallarınıdan da bəhs edib: "Biz nəticəni - yaxşı yolları, infrastrukturu görməsək də kreditləri ört-basdır etməyə davam edirik. Belə aydın olur ki, müqavilələr kredit vəsaitini mənimsəmək üçün imzalanırmış. İndi biz onları bütün dünyaya ödəyirik".
Qeyd edək ki, "Lins" fondu 1989-cu ildə erməni mənşəli ABŞ biznesmeni Kirk Krkoryan tərəfindən təsis edilib. Fond 22 il ərzində ABŞ, Ermənistan və Livandakı ermənilərin müxtəlif layihələrinə xeyriyyəçilik məqsədi ilə 1,1 milyard dollar maliyyə vəsaiti xərcləyib.
Xatırladaq ki, Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin rəhbəri Artur Sakunts ölkənin keçmiş prezidenti Serj Sarqsyana qarşı cinayət işinin açılması ilə bağlı baş prokurora və Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət etmişdi. O, sabiq dövlət başçısını 10 müxtəlif cinayətdə günahlandırmışdı. A.Sakunts 2008-ci il martın 1-də dinc mitinqçilərə qarşı qanunsuz olaraq silah tətbiq olunduğunu və nəticədə Ermənistanın onlarla günahsız vətəndaşının qətlə yetirildiyini qeyd etmişdi: "İndiyə qədər həmin qətllərə siyasi qiymət verilməyib və heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb".