“Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” Siyasət

“Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr”

Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir

Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.
APA-nın məlumatına görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə keçirilən tədbirdə Avropa Şurasına üzv ölkələrin hüquq-mühafizə orqanlarının, müstəqil antikorrupsiya qurumlarının və mötəbər beynəlxalq təşkilatların 130-dan artıq yüksək vəzifəli nümayəndəsi, Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, Mərkəzi icra hakimiyyəti orqanları, Baş Prokurorluq, habelə ölkəmizin digər hüquq-mühafizə orqanları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin 100-dən artıq əməkdaşı iştirak edib.
Konfransda Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan Respublikalarının, Monako və Lixtenşteyn Knyazlıqlarının Baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiya Respublikalarının Ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun Prezidenti, IACA-nın İcraçı Katibi, Beynəxalq Prokurorlar Assosiasiyasının (IAP) Prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) Baş Katibi və digərləri təmsil olunur.
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib. Müraciəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.
Müraciətdə deyilir: "Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli dövlət qurulmuş, şəffaf ictimai münasibətlər sistemi formalaşmışdır".
Prezident İlham Əliyev qeyd edib ki, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur: "Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulması ilə qanunvericilik bazası tam müasirləşdirilmiş və institusional islahatlar həyata keçirilmişdir".
İlham Əliyev təəssüflə vurğulayıb ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır: "Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Avropa Şurasına üzv ölkələrlə Azərbaycan arasında əlaqələr daim inkişaf edir, müxtəlif sahələrdə genişlənir. Mayın 14-dən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdıqları problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətindədir. Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daim əlaqəli təşkilinə və əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir".
Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazanıldığını, Azərbaycan prezidentinin sərəncamı ilə mühüm qurumların yaradıldığını deyib. Ramiz Mehdiyev bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, "ASAN xidmət"in əhəmiyyətini xüsusi vurğulayıb. Ramiz Mehdiyevin sözlərinə görə, Azərbaycanda olan yüksək səviyyəli qonaqlar "ASAN xidmət"in fəaliyyətini böyük maraqla müşahidə edirlər, bu qurumun ölkədə korrupsiyaya qarşı mübarizədə mühüm rol oynadığını bildirirlər.
Ramiz Mehdiyev "ASAN xidmət"in yaradılmasını və onun fəaliyyətini Azərbaycan vətəndaşlarının da böyük razılıqla qarşıladıqlarını söyləyib.
Baş prokuror Zakir Qaralov isə çıxışında bildirib ki, bu konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirəcəyi 18 tədbirdən birincisidir. Onun sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradəyə əsaslanmaqla, beynəlxalq təcrübə nəzər alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvercilik bazası formalaşdırılıb, mühüm institusional tədbirlər həyata keçirilib və bu islahatlar bu gün də davam etdirilir.
Baş prokuror qeyd edib ki, konfrans həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın bundan sonra dərinləşməsinə zəmin yaradacaq, dünyada korrupsiyaya qarşı mübarizə sahəsində proseslərə öz töhfəsini verməklə mühüm görüş yeri olduğunu sübuta yetirə biləcək".
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında deyib ki, Azərbaycanda korrupsiya ilə səmərəli mübarizə üçün bütün imkanlar mövcuddur. O bildirib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin proritet istiqamətidir.
PA rəsmisi qeyd edib ki, müstəqil Azərbaycanın korupsiyaya qarşı mübarizə tarixi çox qədim olmasa da, bir sıra çətinlik və mərhələlərdən keçib. Onun sözlərinə görə, 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb: "Lakin bu gün Azərbaycanda daha yüksək hədəflərə nail olmaq üçün tədbirlər görülür, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir".
F.Ələsgərov bildirib ki, Azərbaycanda "ASAN xidmət"in fəaliyyət göstərməsi korrupsiyaya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub və bu əməkdaşlıq davam etdirilir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri V.Hüseynov bildirib ki, korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlər mühüm rol oynayır. Bu baxımdan etik davranışın həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi çox vacibdir.
Onun sözlərinə, Azərbaycan korrupsiya ilə mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulub və bu, Azərbaycanın antokorrupsiya sisteminin beynəlxalq standartlara uyğun inkişafını təmin edir.
V.Hüseynov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə siyasəti qısa vaxtda nəticə vermir: "Bunun üçün dövlətlər səbirli olmalı, bir az gözləməlidirlər. Azərbaycanda da bu işlər mərhələlərlə həyata keçirilib".
Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin indiyədək 3 mərhələdə həyata keçirildiyini deyən Komissiyanın katibi həm bu mərhələlər çərçivəsində, həm də rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər barədə geniş məlumat verib.
Onun fikrincə, korrupsiya ilə mübarizədə əhalinin etimadını qazanmaq üçün həm dövlət qurumları, həm də kütləvi informasiya vasitələri korrupsiyaya qarşı lazımi mühit yaratmalıdırlar. Azərbaycanda artıq belə bir mühit yaradılıb.
Açılış mərasimindən sonra plenar iclaslarda iştirakçılar tərəfindən anti-korrupsiya qanunvericiliyinin tətbiqi, onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında və iqtisadi inkişafda rolu, hüquqi şəxslərin cinayət məsuliyyəti, korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı və maarifləndirmə tədbirləri, bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının iştirakı, qarşılıqlı səmərəli əməkdaşlıq vasitələri, korrupsiya cinayətləri üzrə effektiv cinayət təqibi üsulları, ixtisaslaşdırılmış anti-korrupsiya qurumları və onların təcrübəsi məsələləri müzakirəyə çıxarılıb. Beynəlxalq konfrans öz işini bu gün də davam etdirəcək.
CƏMİL