“21 Azər” Hərəkatının 73-cü ildönümü İstiqlal Muzeyində qeyd olunub Siyasət

“21 Azər” Hərəkatının 73-cü ildönümü İstiqlal Muzeyində qeyd olunub

İstiqlal Muzeyində " 21 Azər" Hərəkatının 73-cü ildönümü qeyd olunub. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin və "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin birgə keçirdikləri tədbirdə hər iki qurumun təmsilçiləri, alimlər, təhqiqatçılar, media təmsilçiləri iştirak etdilər.
Öncə Ulu Öndər Heydər Əliyevin, firqənin və inqilabın rəhbəri Seyid Cəfər Pişəvərinin, onun silahdaşlarının, mühacirətdə dünyasını dəyişən insanların xatirələri bir dəqiqəlik sükutla yad edildi.
İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə bildirdi ki, biz 15-ci ildir "21 Azər"lə bağlı tədbirlərimizə belə anımla başlayırıq: "İstər milli bayramımızın ildönümləri, istərsə də milli tariximizə, mühacirlərə sayğılı münasibəti və xeyirxah əməlləri ilə xatirələrdə yaşayan Ulu Öndərin dünyasını dəyişdiyi gün dekabrın 12-nə təsadüf edir. Biz belə ehtiramı özümüzə borc bilirik.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin məruzəsində ADF-nin yaranması və fəaliyyətinə yeni baxış konkret sənədlərə əsasən təhlilini tapdı. Sonra ADF MK-nın və İMC-nin rəhbərliyində təmsil olunan, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, tibb üzrə fəlsəfə doktoru Adilə Çernikbulənd hadisələrin canlı şahidi və iştirakçısı kimi gördüklərini, müşahidə etdiklərini dilə gətirdi. Qeyd etdi ki, Seyid Cəfər Pişəvəri və silahdaşları İran tarixində elə islahatlara imza atıblar ki, bunlar heç vaxt unudulmayacaq: "Mühacirətdə bizlərə göstərilən doğma münasibəti, qayğı nümunələrini də heç vaxt unutmayacağıq. Biz illər ərzində özümüzü daim doğmaların əhatəsində hiss etmişik".
R. Hüseynzadə əlavə edib ki, buna aid saya gəlməz misalların cərgəsinə daha ikisi əlavə olunub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamları ilə daha iki nəfər fədai övladı dövlət mükafatına layiq görülüb. Belə ki, tarix və şərqşünaslıq elminin inkişafına verdiyi tövhələrə görə alimlərimizdən Solmaz Rüstəmova-Tohidi əməkdar elm xadimi, Əkrəm Rəhimli- Bijə isə xüsusi diplomla təltif olunublar. Dövlət rəhbərinə təşkilatlar adından təşəkkürlərini yetirən cəmiyyət sədri sözü tarixçi alimlərə verib. Hər iki çıxışda dövrün hadisələri, ictimai-siyasi şəraiti, aparıcı qüvvələri, Milli Hökumətin islahatları, inqilaba basqılar və sair məsələlər ətraflı şərh olundu.
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini Murtuza Nizamoğlu " 21 Azər" Hərəkatının təsir gücünün əbədi olduğuna işarə edərək bunu əyani müşahidələri ilə əsaslandırıb. İbrahim Şiri (Xalq Fədailəri Partiyası) mənsub olduğu təşkilatın adından iclas iştirakçılarını " 21 Azərin"in ildönümü münasibətilə təbrik edib". Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Kərimov (Dasi) gənclərin və yeniyetmələrin hərəkatında iştirakı barədə xatirələri də maraqla dinlənilib.
Tanınmış jurnalist Ənvər Qafarlı hər iki təşkilatın milli tariximizin şanlı səhifələrini təbliğinə dair aktiv tədbirlər keçirməsini təqdirə layiq hal sayıb. İranlı Mühacirlər Ədəbi Birliyin sədri, "Dədə Qorqud" Beynəlxalq mükafatı laureatı Tariyel Ümid mübariz ruhlu şeirlərini səsləndirib.
Cəmiyyətin sədri yekun sözündə tədbirin milli azadlıq tariximizə aid misilsiz sənədlərin, eksponatların toplandığı mötəbər bir yerdə keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı və İstiqlal Muzeyinin rəhbərliyinə hər iki təşkilatın təşəkkürlərini bildirdi.