"2018-ci il Azərbaycan və dünya tarixində bir neçə əlamətdar hadisələrlə yadda qalacaq". Bu fikri politoloq İlqar Vəlizadə 2018-ci ilin yekunlarından danışarkən deyib. O bildirib ki, bu il ölkəmizdə prezident seçkiləri baş tutdu: "Bu, Azərbaycanın siyasi tarixində mühüm, vacib bir hadisədir. Həmçinin, bu il Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd olunub. 100 illik Azərbaycanın müstəqilliyində böyük əhəmiyyətə malik hadisədir. Eyni zamanda ADR-in 100 illiyinin qeyd edilməsi siyasi hadisəyə çevrilib. Bununla yanaşı, bir sıra silsilə tədbirlər təşkil edilib. İyun ayında möhtəşəm bir parad keçirilib. Burada Azərbaycanın hərbi gücü nümayiş etdirilib. Həmçinin sentyabrda Türkiyə-Azərbaycan birgə hərbi marşı Bakıda keçirilib. Bu da iki ölkə arasındakı münasibətlərin həm tarixi kökündə, həm də müasir şəraitdə aktuallığından xəbər verir. Yəni, bizim münasibətlərimiz, qardaşlığımız illərin sınağından çıxıb və uğurla inkişaf olunur. Azərbaycanla bağlı digər deyiləsi məqam odur ki, bu il 2 irimiqyaslı layihə həyata keçirilib. TANAP-ın inkişafı başa çatıb və İzmir şəhərində "Star" neft emalı zavodu istismara verilib. Bu hər iki layihə Azərbaycan üçün ona görə önəmlidir ki, məhsullarımızı dünya bazarına çatdırmağa imkan yaradır. Azərbaycanın iqtisadi qüdrətini bir qədər də möhkəmləndirir".
Dünya tarixində yadda qalanlardan danışan politoloq qeyd edib ki, bu il dünyada baş verən bir çox regional hadisələr bizim üçün önəmlidir: "Burada Xəzər dənizinin Konvensiyasının imzalanması çox vacib məsələdir. 2018-ci il qonşu dövlətlərdə də mühüm əhəmiyyət kəsb edib. Rusiyada, Türkiyədə prezident seçkiləri baş tutub, Ermənistanda hakimiyyət dəyişilib. Gürcüstanda hökumət dəyişilərək yeni prezident seçilib, Suriyada müharibə davam edib, Fransada siyasi böhran yaşanılıb. Skripal bu ilin qalmaqallı hadisəsi kimi gündəmə gəlib. Bundan başqa, Myanmada müsəlmanlara qarşı olan soyqırım hadisəsi bu il təəssüf doğurdu. Əfsus ki, dünya bu hadisəyə göz yumub və lazımlı reaksiyanı göstərməyib. Hərçənd ki, 100 il bundan qabaq guya baş vermiş "erməni soyqırımı"nı məharətlə siyasətləşdiriblər. Lakin yaxında baş verən bu soyqırıma, xüsusən də Qərb ölkələri göz yumdu".