“Ermənistan Azərbaycana qarşı kimyəvi silahdan istifadə edib” Siyasət
Millət vəkili: “Əsirlikdən azad olunan insanlarımızın xeyli hissəsinin bir neçə gündən sonra bədənində müxtəlif ləkələr və şişkinliklər əmələ gəlirdi”
"Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsinin detalları məlum olub.
Belə ki, ölkəmiz “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konevsiyaya qoşulub. Bu səbəbdən də Konvensiyaya uyğun olaraq milli qanun qəbul edilir. Yeni qanun layihəsi beş maddədən ibarətdir. Sənədə əsasən kimyəvi silahın komponentlərinin hər hansı bir formada istehsalı qadağan edilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov açıqlamasında kimyəvi silah istehsalının qadağan olunmasının qanuni tərəflərinin vacibliyini vurğulayıb:
“Qanun layihəsində kimyəvi silahların istehsalı və artırılması qadağan olunur. Düzdü, ölkəmizdə kimyəvi silahlar istehsal olunmur. Həmçinin, Azərbaycan kimyəvi silah istehsal etmək fikrində deyil. İstehsal olunmasının tərəfdarı da deyilik. Hər zaman BMT və digər beynəlxalq qurumlarda Azərbaycan olaraq bunun əleyhinə çıxış edirik”.
Deputat bəzi ölkələrin kimyəvi silahlardan istifadə etdiyini də istisna etməyib:“Buna baxmayaraq bəzi ölkələr bu silahların istehsalı ilə məşğul olur. Suriyada, İraqda bəzi dövlətlər bu silahlardan istifadə də ediblər. Bəzi iddialara görə Bəşər Əsəd kimyəvi silahlardan xalqına qarşı da istifadə edib. Hətta bu gün Ermənistan ərazisində hansısa dövlətlərlə əlaqə nəticəsində kimyəvi silahlar istehsal edən laboratoriyaların mövcudluğu barədə ara-sıra mətbuatda məlumatlar dərc olunur. Bu qanunu qəbul etməklə beynəlxalq səviyyədə qadağan olunmasının tərəfdarıyıq”.
Elman Məmmədov vaxtilə Azərbaycana qarşı kimyəvi silahlardan istifadə olunduğunu da xatırladıb:
“Bir qədər əvvələ qayıtmaq istəyirəm. 1991-92-ci illərdə işğalçı dövlət olan Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi zaman dinc sakinlərə qarşı kimyəvi silahlardan istifadə edirdi. Xocalı soyqırımı zamanı, eləcə də, əsir və girovlara qarşı istifadə etmişdilər. Əsirlikdən azad olunan insanlarımızın xeyli hissəsinin bir neçə gündən sonra bədənində müxtəlif ləkələr və şişkinliklər əmələ gəlirdi. Bu zaman insanlarımız dünyasını dəyişirdi. Bu da onu sübut edirdi ki, ermənilər bu insanların üzərində kimyəvi silahlardan istifadə ediblər”.
Məlumat üçün bildirək ki, layihədə hər il bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara hesabat verilməsi də nəzərdə tutulur. Həmçinin, qanun layihəsində istehsalına qadağa qoyulmayan sahələr də var. Bunlar kənd təsərrüfatı, sənaye, tibbdə kimyəvi silaha aid edilməyən maddələrin və komponentlərin istehsalıdır.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.