Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
Rusiya Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir, ölkələr arasında ikitərəfli münasibətlər isə ən yüksək səviyyədədir.
Bunu Milli Məclisin deputatı Arzu Nağıyev "Şimal-Cənub" politologiya mərkəzində "Azərbaycan pandemiyadan sonra: inkişaf ssenarisi (iqtisadiyyat, siyasət)" adlı məruzənin onlayn təqdimatı zamanı deyib. Məruzə "Xəzər ekspert klubu" xüsusi layihəsinin rəhbəri, Trend agentliyinin baş direktor müavini Gülnarə Məmmədzadə və Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi işçisi Aleksandr Karavayev tərəfindən hazırlanıb.
Deputatın sözlərinə görə, koronavirus pandemiyası dövründə hər iki ölkə vətəndaşların sağlamlığı və təhlükəsizliyinə yönəlmiş bir sıra vacib və səmərəli addımlar atıb:
"Pandemiya şəraitində Azərbaycan və Rusiya qlobal faciə ilə mübarizədə həyati vacib operativ tədbirlərin qəbulu baxımından parlaq nümunə göstərdilər. Rusiya və Azərbaycan hökumətləri bu çağırışa vaxtında reaksiya göstərdilər və bir sıra operativ və təxirəsalınmaz tədbirlər qəbul etdilər, o cümlədən koronavirus epidemiyasının daha çox yayıldığı ölkələrlə sərhədləri bağladılar. Daha sonra həm Rusiyada, həm Azərbaycanda müvafiq karantin tədbirləri qəbul edildi və bunun hesabına vəziyyəti bu günədək nəzarət altında saxlamaq mümkün olub.
Azərbaycan hökuməti əhalinin sosial təminatı və iqtisadi rifahı naminə təxirəsalınmaz tədbirlər gördü. Dövlət əhalinin həssas təbəqəsinin maddi vəziyyətinə dəstək üçün vəsait ayırdı. İş yerləri, əməkhaqları saxlanıldı, işsizlərə yaşayış minimumu məbləğində yardım göstərilir. Elektrik enerjisinə güzəştlər təsdiq edilib, fərdi sahibkarlara 5 min manat məbləğində vəsait ödənilib. Bundan başqa, ölkədə modul tipli xəstəxanalar tikilib, 750 yataqlı, müasir avadanlıqları təchiz edilmiş yeni klinika istifadəyə verilib. Qısa müddət ərzində 200-300 yataqlı 12-yə yaxın iri tibb müəssisəsi tikilib".
A.Nağıyev qeyd edib ki, hər iki ölkə koronavirus pandemiyası fonunda yaranmış mürəkkəb vəziyyətdən birgə çxış yolları axtarır:
"Şübhəsiz ki, ölkələrimizin sıx əməkdaşlığı koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılmasında çox vacibdir. Bu gün biz bir yerdə olmalıyıq ki, həm Azəraybaycanın, həm Rusiyanın üzləşdiyi qlobal miqyaslı bəlanın öhdəsindən gələk".