“Azərbaycan Prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab etdi” Siyasət
Sahib Alıyev: “Buna dair dəlillər irəli sürdü”
Məhəmməd Əsəsdullazadə: “Azərbaycan yalnız güc yolu ilə nəticəni dəyişə bilər”
Prezident İlham Əliyev iyulun 6-da verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara və Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə toxundu. Dövlət başçısı həmsədrləri sərt tənqid etdi.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Xalq Cəbhəsi”nə açıqlamasına görə, Prezident dedi ki, həmsədrlər Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər: “Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. “Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir” – bu dövlət başçısının qiymətləndirməsidir;
İkincisi, Prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Azərbaycan prezidenti “formatı dəyişmək lazımdır” fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı.
Üçüncüsü, İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını da tənqid etdi: “Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”.
Dördüncüsü, Prezident qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyriçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!”.
Beşincisi, İlham Əliyev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Müzakirələrdə koronavirus pandemiyası ilə mübarizənin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə aidiyyatı var idi? Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir. Belə olan halda xarici işlər naziri Elmar Məmmədyarovun nədən hər dəfə erməni həmkarıyla onlayn müzakirələrə qatılması sual doğurur. Prezident bu müzakirələrin Azərbaycan üçün mənasız olduğunu bildirdi, xarici işlər naziri isə vasitəçilərin təklif etdikləri bütün mənasız onlayn konfranslara qatılmağa üstünlük verir.
Beləliklə, Azərbaycan Prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü. Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurətini gündəmə gətirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verir: “Heç kim Aprel döyüşləri yadından çıxmasın”.
Millət vəkili Sahib Alıyev isə bildirdi ki, Prezident İlham Əliyevin Minsk qrupunu tənqidi birinci dəfə deyil: “Amma açığını deməlyik ki, dövlət başçısının özəlliklə də bu qrupa həmsədrlik edənlər haqqında səsləndirdiyi bütün tənqidləri həmişə qətiyyətli və prinsipial xarakter daşısa da, iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli hospitalının açılışındakı qədər açıq, sərt və belə demək mümkünsə, yüksək xəbərdarlıq yüklü olmamışdı”. Onun fikrincə, bu isə artıq o deməkdir ki, bıçaq sümüyə dirənib: “Azərbaycanın “status-kvonun qorunub saxlanması yolverilməzdir”, “substantiv danışıqlar aparılmalıdır” deyənlərin əslində məhz danışıqların imitasiyasının təşkili və status- kvonun qorunub saxlanmasına çalışdıqlarına daha dözmək fikri yoxdur! Strateji səbr təkcə dözüb əlverişli vəziyyətin yaranmasını gözləmək demək deyil, həm də gözləniləni tezləşdirmək üçün hərəkətə keçməkdir ki, cənab İlham Əliyevin son açıqlamasında bu, açıq-aydın dilə gətirilir.
Prezidentiin iyulun 6-dakı açıqlamasından cəmi bir gün sonra Azərbaycanın Müdafiə naziri ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ön xətdə olmları, “Ali Baş Komandan cənab İlham Əliyevin son çıxışlarından irəli gələn tələbləri” hərbiçilərimizin diqqətinə çatdırmaları da elə bunun təsdiqidir.
Haylar və havadarları bunu da bilməlidirlər ki, dövlət başçısının Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərlərinə götürən, amma indiyədək bu yöndə uğurlu heç bir addım atmayanlarla bağlı dedikləri sözlər içində vətən sevgisi olan hər bir azərbaycanlının ürəyindən olduğu kimi, həm də iradəsinin göstəricisidir”.
Politoloq Məhəmməd Əsəsdullazadə diqqətə çatdırdı ki, Cənubi Qafqazda geosiyasi vəziyyətin yaxın prespektivdə gərginləşməsi gözlənilir: “Çünki, Ermənistanın işğalçı siyasətini davam etdirməsi, Rusiyanın bu ölkəyə göndərdiyi silahlar sülh imkanlarını tükədir, aparılan danışıqlarda müsbət nəticənin hasil olmaması, məhz İrəvan-Moskva tandeminin ortaya qoyduğu mövqeyidir.
Artıq, Azərbaycan və Ermənistan arasında rabitə xəttidə mənasızdır. Bu rabitə xətti Ermənistana lazımdır ki, atəşkəs qorunsun. Məhz Minsk qrupunun həmsdərləri də bu xəttin işlək olmasında maraqlıdır. Azərbaycan belə bir rabitə xəttinə son verməldir. Çünki, Azərbaycan buna razılıq verəndə müsbət dinamika gözləyirdi. Amma, İrəvan əksinə hərəkət etdi. Baş nazir Nikol Paşinyan qeyri-konusturiktiv təkliflər irəli sürdü”.
M.Əsəsdullazadə əlavə etdi ki, Rusiyanın Ermənistanda təsiri güclü olduğu üçün bu danışıqların Ermənistanla aparılması mənasızdır: “Nikol Paşinyan ölkəsində nə Rusiyanın təsirini zəiflədə bilir, nə də ona bağlı olan siyasi qrupların. Ona görə də Minsk qrupu formatında aparılan danışıqlar imitasiyadır.
Tərəflər arasında xalqların sülhə hazırlanması və "hamının-hamıya" prinsipi üzrə əsilərin dəyişdirilməsinin Yerevan tərəfindən qəbul edilməməsi, prosesin gərginləşməsinə aparır.
Dövlət başçısı İlham Əliyev də Qarabağ danışıqlarından narazı olduğunu, xarici işlər nazirlərinin məlum videodanışıqlarını səmərəsizliyini vurğuladı. Prezident mövqeyində haqlıdır və reallıqları qeyd etməklə, bir növ hərbi ritorikaya üstünlük veriləcəyi mesajını verdi. Aprel döyüşlərini xatırlamaqla buna ehyam vurdu.
Prezidentin bu çıxışından belə qənaət hasil oldu ki, bundan sonrakı danışıqlarda müsbət nəticə gözləmir. Proses elə vəziyyətə gəlib ki, rəsmi Bakı danışıqlardan imtina etmək qərarına gələ bilər.
Görünür, Rusiya ciddi şəkildə Qarabağ konfliktinin həllinə mümkün qədər imkan vermir. Birbaşa Azərbaycan və Ermənistan arasında aparılan danışıqları sabotaj etməklə, İrəvanın qarşısını alır. İki il bundan əvvəl prezident İlham Əliyev və Nikol Paşinyan arasında Düşənbədə əldə olunan razılıq Rusiyanın iştirakı olmadan əldə olunmuşdu. Kreml birbaşa İrəvan-Bakı arasında danışıqları pozdu.
Hazırkı mərhələ Moskvadan idarə olunur. Rusiya prezidenti V.Putinin prezidentliyi dönəmində vasitəçi kimi Kreml, Qarabağ danışıqlarının beynəlxalq hüquq normaları çərçivəsində həllinə imkan verməyəcək. Azərbaycan yalnız güc yolu ilə nəticəni dəyişə bilər. Rəsmi Bakının atdığı addımlar bu istiqamətdə olmalıdır”.
Əli Zülfüqaroğlu